İslam Maxaçev UFC 330-un əsas döyüşündə İan Gerri ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, o, bu qarşılaşmaya ciddi yanaşsa da, irlandiyalı rəqibinin onu karyerasının ən böyük sınağına çəkəcəyinə inanmır.
Maxaçev döyüş öncəsi mediaya açıqlamasında Gerri-nin bacarıqlarını yüksək qiymətləndirsə də, onun tam bir döyüşçü olmadığını bildirib.
"Bu mənim ən böyük sınağım olmayacaq. O, yaxşıdır, hörmət edirəm. Yaxşı bacarıqları var, amma hamı mənim döyüş tərzimi bilir. Görək buna necə hazırlaşıb. Gerri zərbələrdə yaxşıdır, güləş müdafiəsi də pis deyil, amma zəif tərəfləri var. O, tam döyüşçü deyil. Maraqlı qarşılaşma olacaq. Onun yaxşı takedown müdafiəsi var, amma mənim onu asanlıqla məğlub etmək üçün açarlarım var".
O, Gerrinin döyüş tərzini də tənqid edib: "O, hər döyüşdə eyni tərzdə çıxış edir. Sadəcə geri çəkilir və xallar üçün döyüşür. Sonuncu dəfə kimi nokaut etdiyini xatırlamıram".
Kağız üzərində bu qarşılaşma "strayker" və "qrepler" duelinə bənzəsə də, Maxaçev özünü hər sahədə üstün sayır. "Əgər güləş və parter işləməsə, zərbələrdə də üstün ola bilərəm. Aleksandr Volkanovski və Dastin Puarye ilə döyüşlərimə baxın. Amma asan qələbə üçün rəqibi yerə salıb orada bitirmək lazımdır", – deyə o əlavə edib.
Gerri Maxaçevin son döyüşlərini tənqid etsə də, rusiyalı döyüşçü bu fikirlərə gülərək cavab verib və Gerri-nin komanda yoldaşı Çarlz Oliveyranı məğlub etdiyini xatırladıb. "O, deyir ki, son dörd rəqibim zəif olub. Amma yaxşı rəqiblə qarşılaşanda özü uduzur. Şavkat Raxmonovla döyüşünü xatırlasın, dörd raund uduzdu", – deyə Maxaçev bildirib.
Maxaçev sonda bu döyüşdə şəxsi heç nə olmadığını, sadəcə titulunu qorumaq istədiyini vurğulayıb.


