"İlk növbədə komandamı qələbə münasibətilə təbrik edirəm. Moldova ilə ilk matçımızı iki gün əvvəl keçirmişdik. Bir günlük fasilədən sonra yenidən oynamaq çətindir".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının (U-16) baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

O, Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Moldova ilə yoldaşlıq oyunları (3;2; 2:1) barədə fikirlərini açıqlayıb: "Futbolçunun bərpası çox önəmlidir. Orqanizmdən asılı olaraq 48 saata da bərpa olan futbolçu var, 72 saata da. Bunları nəzərə alaraq heyətdə bəzi dəyişikliklər etmişdik. Meydanda dominant futbol oynadıq, çoxlu qol epizodları yaratdıq. Məni narahat edən yeganə məqam hər iki görüşdə əldə etdiyimiz yüz faizlik epizodları dəyərləndirə bilməməyimiz və sadə vəziyyətlərdən qollar buraxmağımız oldu. Bunların üzərində çox çalışmaq lazımdır".

A.Nəbiyev yığmanın gələcəyinə inamını ifadə edib: "Bu kollektivdən bir neçə futbolçunu U-17 milliyə də dəvət edirik. Təlim-məşq toplanışlarının və beynəlxalq oyunların sayını artıra bilsək, bu futbolçularla çox şeyə nail olarıq. İnanıram ki, ölkəmizdə təşkil olunacaq MDB Oyunlarında və U-17 millimizlə seçmə mərhələ matçlarında yaxşı nəticələr əldə edəcəyik”.

Baş məşqçi Moldovaya qarşı birinci və ikinci oyun arasında müqayisə aparıb: “Birinci matçı təhlil etdiyimiz zaman gözə çarpan boşluqları aradan qaldırdıq. Budəfəki qarşılaşmada topa daha çox sahib olduq, kifayət qədər qol vəziyyətləri yaratdıq. Baxımlı oyunun da nəticəsi olaraq qələbə qazandıq. Uğurlu nəticələrin davamının gələcəyinə inanıram”.

Aqil Nəbiyev sentyabr-oktyabr aylarında Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında U-16 millimizin uğurlu nəticə qazanacağına inandığını vurğulayıb: “Rəqiblərimizi bildikdən sonra onlar barədə ətraflı məlumat toplayacaq, təhlil edəcəyik. Komandamız MDB Oyunlarında da uğurlu nəticələr qazanacaq potensiala malikdir. Sadəcə, uşaqlara güvənməliyik. Hər dəfə dediyim kimi, Azərbaycanda yetərincə perspektivli futbolçu var. Uşaqları düzgün istiqamətləndirmək və onlara inanmaq lazımdır".