Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.
Offsideplus.az xəbər verir ki, yığmamız Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da Belarusla qüvvəsini sınayıb.
Bu, komandamızın baş məşqçisi Fernandu Santuş üçün 8-ci oyun olub. Azərbaycan yığmasında işlədiyi 9 ay ərzində hələ də qələbə üzü görməyən portuqaliyalı çalışdırıcı tilsimi qırmaq niyyətində idi (1 heç-heçə, 6 məğlubiyyət).
Məqsədə çatmaq üçün Belarus kollektivi kifayət qədər münasib rəqib idi. FIFA-nın reytinq cədvəlində 98-ci pillədə qərarlaşan belaruslular (Azərbaycan 117-ci yerdədir) indiyədək bizimlə 6 dəfə qarşılaşmışdılar. Bu matçlarda yığmamızın üstünlüyü var idi: 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, topların fərqi: 7-4.
Ancaq təəssüf ki, milli komandamız yenə məğlub oldu.
Beynəlxalq yoldaşlıq görüşü
25 mart
Azərbaycan - Belarus 0:2
Qollar: Zabelin, 59; Demçenko, 78
Azərbaycan: 23. Rza Cəfərov, 4. Bəhlul Mustafazadə (k), 6. Ozan Can Kökçü, 10. Mahir Emreli, 14. Zamiq Əliyev, 17. Toral Bayramov, 18. Səbuhi Abdullazadə, 19. Nəriman Axundzadə,21. Mert Çelik, 24. Xəyal Əliyev, 25. Şahin Şahniyarov
Belarus: 1. Fyodor Lapouxov, 2. Kirill Peçenin, 3. Pavel Zabelin, 4. Aleksey Qavriloviç, 6. Sergey Politeviç (k), 9. Maks Ebonq, 10. Valeri Qromko, 14. Yevgeni Yablonski, 17. Vitali Lisakoviç, 19. Yuri Kovalev, 23. Trofim Melniçenko
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)
“Bank Respublika Arena”
Yığmamızın heyəti kifayət qədər sürpriz oldu. Ötən oyunla müqayisədə ilk "11-lik"də 6 dəyişiklik var. Haitiyə qarşı start heyətindən yalnız Bəhlul Mustafazadə, Ozan Can Kökçü, Mahir Emreli, Toral Bayramov və Nəriman Axundzadə belaruslulara qarşı oynayacaqlar.
39-cu dəq. Oyunda ilk real qol epizodu. Toral Bayramovun sol ayaqla güclü zərbəsi dirəyə tuş gəldi
Birinci hissə qonaqların nisbi üstünlüyü şəraitində keçdi. Onlar qapımız önündə bir neçə təhlükəli epizod yaratsalar da, qol vura bilmədilər. İlk 30 dəqiqəsi darıxdırıcı keçən matç hissənin sonlarına doğru maraqlı mübarizəyə səhnə oldu.
56-cı dəq. Mahir Emrelinin cərimə meydançası həndəvərindən göndərdiyi zərbə zamanı rəqib qapıçı komandasını qoldan xilas edir
59-cu dəq. Belarus yığması hesabı açır. Pavel Zabelin cərimə meydançadakı qarışıqlıqda topu tora qovuşdurur - 1:0
62-ci dəq. Fernandu Santuş dəyişikliyə əl atır. Çoşqun Diniyev Şahin Şahniyarovun, Renat Dadaşov isə Nəriman Axundzadənin əvəzinə mübarizəyə qoşulur
67-ci dəq. Amin Seydiyev Mert Çelikin əvəzinə meydançaya çıxır
78-ci dəq. Zamiq Əliyev müdafiədə topu itirir, dərhal cərimə meydançasına şığıyan belaruslular ikinci topu qapımızdan keçirirlər
85-ci dəq. Amin Seydiyev zədələndiyinə görə oyunu davam etdirə bilmir. Komandamız əvəzləmə limitini başa vurduğundan 10 nəfərlə qalır
90-cı dəq. Demçenko dublunu rəsmiləşdirə bilərdi. Rza Cəfərov yaxın küncə göndərilən topu ustalıqla dəf edir
Əlavə olunmuş 4 dəqiqə başa çatır və final fiti səslənir