Martın 22-də və 25-də, eyni gündə və demək olar, eyni saatda - daha dəqiqi aralarında 45 dəqiqə fərq olmaqla, Azərbaycanın futbol üzrə 2 ən əsas komandası meydançaya çıxmışdı.

Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət yığma (U-21) sınaqdan keçirilirdisə, ölkənin böyüklərdən ibarət əsas milli komandası Sumqayıt-Masazır marşrutu üzrə hərəkət edirdi.

U-21-də gənc, qanı-qanımızdan, canı-canımızdan olan Ayxan Abbasov baş məşqçi qismində ilk addımlarını atır. Moldova komandası üzərində qazanılan 2:0 hesablı qələbə onun yığmada debütü idi. Dünən isə Abbasov yetirmələrini ikinci görüşə çıxardı və Şimali Makedoniya ilə 0:0 hesablı qolsuz bərabərliyə razılaşdı. Əlbəttə, eyforiyaya qapılmaq, yeni baş məşqçini pafoslu sözlərlə tərifləmək, gələcək barədə xam xəyallar qurmaq niyyətində deyilik. Amma gəlin, razılaşaq: 2 oyunu məğlubiyyətsiz başa vurmağı, qol buraxmamağı məgər, yaxşı başlanğıc saymaq olmaz?

Düzdür, rəqiblərimiz Avropanın top komandaları deyildi. İngiltərə, Fransa, İspaniya kimi nəhənglərə qarşı oynamırdıq. Ancaq Moldova kimi ölkənin U-21 komandasını axırıncı dəfə 2011-ci ildə güc bəla ilə (1:0) üstələdiymizi bilirsinizmi? Yaxud Avropanın heç ortababı sayılmayan Şimali Makedoniyaya heç vaxt qalib gələ bilməməyimizdən xəbəriniz varmı? Daima qapazaltına çevrilən, xarici səfərlərdən əli ətəyindən uzun dönən, biabırçı nəticələrə görə həmişə tənqid obyekti olan bizim U-21-in taleyinə qara günlər yaşamaq düşüb.

İndi bu aciz komandanın həyatına gün doğmaqdadır. Bahar həm də U-21 üçün gəlib. Özü də ilk bahar.

Ayxan Abbasovun gəlişi və dərhal nəticələr - bu, təsadüfdür, yoxsa məşqçinin səpdiyi toxumun ilk cücərtiləri? Şübhəsiz ki, Moldova və Şimali Makedoniya ilə oyunlarda qazanılan nəticələr göstərici deyil. Heç olmasa, Abbasov kollektivə əzmkarlığı qaytarmağa, qalib ruhunu formalaşdrmağa çalışır, dövlət himnini oxumağın məsuliyyətini aşılayır. Komandanın əsl gücü rəsmi matçlarda, nüfuzlu turnirlərdə məlum olacaq. Bununla belə, qələbə həmişə şirindir. Lap məhəllə futbolunda da qalib gələndə gecəni rahat yatrsan, bir müddət qələbənin xoş təəssüratlarını yaşayırsan. Ümid edək ki, bu uğur Ayxan Abbasovun U-21-dəki fəaliyyətində axırıncı yox, axarıncı olacaq.

Bəs əsas milli komandamız nə vaxt qalib gəldi ki, biz sevinmədik? Baş məşqçi Fernandu Santuş azərbaycanlıları martın 20-də şəkərbura paxlava, səməni qoyulmuş stolun ətrafında Novruz bayramı münasibətilə təbrik etdi, üstündən də pürrəngi bir çay içdi. Və 2 gün sonra həmin azərbaycanlıların bütün bayram əhval-ruhiyyəsini korladı. Təbrik etməyin nə idi, bizi hirsimizdən yatmağa qoymamağın?

Haiti bir yana, heç yarımcan Belarus yığmasının ölkəmizə hardan gəlib, hardan getdiyini də başa düşə bilmədik. Bir də ayıldıq ki, futbolçularımız ikinci topu tordan çıxarırlar... Yenə müdafiədəki uşaq səhvləri, yenə hücumda Nəriman Axundzadəyə, Musa Qurbanlıya ümid olmağın əzab-əziyyəti, yenə Mahir Emrelinin yığmada qeyri-sabit oyunu... 

Ayxan Abbasovla Fernandu Santuş bir-birindən qazandıqları uğurlara görə çox fərqlənirlər. Həmyerlimiz gənc, ambisiyalı, gələcəyə ümidli, portuqaliyalı isə futbolda Avropa çempionluğuna qədər gedən yolda iz buraxmış 70 yaşlı çalışdırıcıdır. Nəriman Həsənzadənin "Nərdivan" şeirində deyildiyi kimi, "səni arzularına qaldırırdı nərdivan, məni xatirələrdən endirirdi bu zaman.."

Novruz bayramında 2 oyunda 0 qələbə, 0 qoldan pis nəticə yoxdur... Cənab Santuş, sizin Portuqaliyada xatirələrə dalıb, təqaüdçü həyatını yaşamağınız, bizim əsəb sistemimizi məhv etməkdən qat-qat yaxşı olardı...Bizi problemlərimizlə baş-başa buraxın...