“Çelsi” klubunun ulduzu Kol Palmer, son bir neçə mövsümdə göstərdiyi inanılmaz performansla həm Premyer Liqa, həm də klub tarixinə adını qızıl hərflərlə yazdırıb.
Offsideplus.az xəbər verir ki, onun qırdığı bəzi rekordlar o qədər unikaldır ki, onların yaxın gələcəkdə yenilənməsi qeyri-mümkün görünür.
İngiltərə futbolunda “Cold Palmer” (Soyuqqanlı Palmer) ləqəbi ilə tanınan futbolçunun inanılmaz nailiyyətlərini təqdim edirik:
Kol Palmer Premyer Liqa tarixində bir oyunun ilk hissəsində 4 qol vuran ilk və yeganə futbolçu kimi tarixə düşüb. O, bu tarixi uğura “Brayton” ilə oyunda imza ataraq bütün futbol dünyasını heyrətləndirib.
Gənc ulduz “nöqtə”dən hər kəsi qısqandıracaq bir statistika nümayiş etdirir. O, Premyer Liqada yerinə yetirdiyi 12 penaltinin hamısını (12/12) qola çevirərək 100%-lik dəqiqlik göstərib. Bu göstərici ilə o, Yaya Ture kimi əfsanələri geridə qoyaraq turnir tarixinin ən etibarlı penalti icraçısına çevrilib.
Palmer “zadəganlar”ın heyətində rekordları bir-birinin ardınca yeniləyir:
- “Çelsi” tarixində bir oyunun ilk hissəsində bir neçə dəfə xet-trik edən ilk futbolçudur.
- O, klub tarixində 50 qol və məhsuldar ötürmə həddinə ən qısa müddətdə (cəmi 48 oyuna) çatan oyunçudur.
- “Çelsi”nin Premyer Liqa dövründə ən çox xet-trik edən (4 xet-trik) futbolçusu ünvanını ələ keçirərək Frenk Lempard, Didye Droqba və Cimmi Floyd Hasselbaynk kimi əfsanələri qabaqlayıb.
Hisslərdən deyil, peşəkar hesablardan və soyuqqanlılıqdan güc alan Palmerin yaradıcılığı onu London klubunun yeni simasına çevirib.


