“Çelsi” futbol klubu formalarında daşıdıqları xüsusi statusu qorumaq üçün rəsmi addım atıb.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi 2026/27-ci illər mövsümündə də oyun formalarında FİFA Klublararası Dünya Çempionatının qalibi nişanından istifadə etmək üçün İngiltərə Premyer Liqasına müraciət ünvanlayıb.
Klubun bu nişanı bir mövsümdən artıq istifadə edib-etməyəcəyi ilə bağlı yaranan qeyri-müəyyənlikdən sonra, rəhbərlik məsələni rəsmiləşdirmək qərarına gəlib.
Premyer Liqa qaydalarına görə, klubların oyun formalarında xüsusi loqo və nişanların yerləşdirilməsi liqa rəhbərliyinin birbaşa icazəsindən asılıdır. “Çelsi”nin bu müraciəti etməsində əsas məqsəd, dünya çempionu statusunun növbəti mövsümdə də vizual olaraq vurğulanmasını təmin etməkdir.
Premyer Liqa rəhbərliyinin yaxın müddətdə “Çelsi”nin bu müraciətinə cavab verəcəyi gözlənilir.
Əgər qərar müsbət olarsa, London klubu 2026/27 mövsümündə də meydana “Dünya Çempionu” statusunu daşıyan qızılı nişanla çıxacaq.


