“Oyuna çox yaxşı hazırlaşmışdıq”.

Offsideplus.az xəbər verir bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.

Mütəxəssis  Misli Premyer Liqasında XXX turunda “Zirə"yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb: “Birinci növbədə rəqibi təbrik edirəm. Rəşad Sadıqov çox möhkəm komanda yaradıb. İlk hissədə yaxşı pressinq edirdik, qol vəziyyətlərimiz vardı. Sadəcə, son fazada hücumları tamamlamaqda problemlər yaşadıq. Bu oyunda da bəsit qollar buraxdıq.

Sona qədər mübarizə aparmaq mütləqdir. Qarşıda hələ üç oyunumuz var və xallar qazanmaq lazımdır. Oyuna gələn azarkeşlərimizə təşəkkür edirik. Təəssüf ki, onları sevindirə bilmədik”.

Qeyd edək ki, Zirə Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. 78-ci dəqiqədə Martins Junior fərqlənib. Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" dördüncü pillədə qərarlaşıb.