Azərbaycan futbol yığmasının baş məşqçisi Fernandu Santuş Haiti ilə yoldaşlıq görüşünə həsr olunmuş mətbuat konfransında suallardan birinə cavab verməkdən yayınıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis UEFA Millətlər Liqasının pley-off mərhələsində keçirilən Fransa - Xorvatiya qarşıdurması barədə danışmaq istəməyib.

Dünya çempionatının seçmə mərhələsində 3-cü rəqibimiz məhz bu cütün qalibi olacaq. Dünən tərəflər arasında gerçəkləşən ilk qarşılaşmada Xorvatiya öz meydanında 2:0 hesablı qələbə qazanıb. 

F.Santuş "Fransa, yoxsa Xorvatiyanın bizə rəqib olmasını istəyirsiniz?" sualına belə reaksiya verib: "Biz sabah Haiti ilə qarşılaşacağıq. Məni yalnız bu oyun maraqlandırır. Dünən hansı nəticənin qeydə alındığı önəmli deyil. Fransa - Xorvatiya cütünün taleyi həll olunanda, rəqibimizin kim olduğu dəqiqləşəndə, bu barədə danışarıq".

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində digər rəqiblərimiz Ukrayna və İslandiyadır.