Azərbaycan milli komandası qarşıdakı günlərdə iki yoldaşlıq görüşü keçirəcək. Yığmamız iyun ayında əvvəlcə Malta, daha sonra isə San Marino seçmələri ilə qüvvəsini sınayacaq.
Offsideplus.az xəbər verir ki, hər iki qarşılaşmanın aşkar favoriti millimiz hesab olunur. Ayxan Abbasovun rəhbərliyi altında uzun müddət davam edən uğursuz gedişata FIFA Series turnirində qazanılan ardıcıl iki qələbə ilə son qoyan komandamız rəqiblərlə matça daha motivasiyalı çıxacaq.
Rəqiblərimizin daxili durumuna nəzər saldıqda mənzərə heç də ürəkaçan deyil. Malta millisi ardıcıl 3 oyundur məğlubiyyətlə üzləşir, üstəlik son iki qarşılaşmada rəqib qapılarına yol tapa bilməyib.
Beynəlxalq arenada rəsmi oyunlara çıxdığı vaxtdan bəri barmaqla sayılacaq qədər qalibiyyəti olan San Marino isə sonuncu dəfə 2024-cü ildə qələbə sevinci yaşayıb.
Qeyd edək ki, yığmamız iyunun 5-də Malta ilə qarşılaşacaq, bu oyundan 4 gün sonra – iyunun 9-da isə San Marinonu sınağa çəkəcək.


