“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində futbol üzrə Azərbaycan milli komandası sabah Sent Lüsiya yığması ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və yığmamızın üzvü Emin Mahmudov oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
Ayxan Abbasov matç ilə bağlı fikirlərini bölüşüb: "Bu, il ilk toplanışımızdır. Millətlər Liqasına qədər 2 toplanışımız olacaq və bunlardan maksimum istifadə edəcəyik. Bu toplanış vacibdir. Sevindirici hal budur ki, futbolçuların əhval, idman forması yaxşdır. Bu, bizi sevindirir. Bu iki oyunda hər kəsi meydanda görmək istəyəcəyik. Futbolçuların bir-birinə uyğunlaşması çox vacibdir. Rəqiblər bizə yad komandalar olsa da, çalışdıq ki, futbolçulara məlumat verək. Hər iki oyunda maksimumu edib, əlimizdən gələni edəcəyik. Biz qalibiyyət ruhunu artırmalı və qalib gəlməliyik".
A.Abbasov aşağı yaş komandalarının məğlubiyyətə uğramasının, A milli komandanın gələcəyi barədə bu sözləri deyib:
"Realist olsaq, gələcək çətinləşir. Bugünkü müdafiəçilərimizin yaş həddi orta yaşdan yuxarıdır. U21-də ən çox çətinlik çəkilən müdafiədir. Bir neçə ildən sonra A milliyə də təsir göstərəcək. Bu, bir ilin problemi deyil. Üzərimizə düşən problemi hamı bilir. Bu gün bu, klubların akademiyalarından da asılıdır. Futbolçular klublardan hazır gələndə fərq hiss olunur. A komandadan gələn futbolçuları görəndə bu, bizi sevindirir. Çempionatı izləsək, "Qarabağ", "Neftçi", "Sabah" və s. klublarda oynayan futbolçuların performansları top səviyyədədir. Səmimi danışsaq, problemlər çoxdur, uşaq futboluna klubların baxışı dəyişməyib. Bu da təəssüf ki, milli komandalarımıza təsir edir".
Qeyd edək ki, Azərbaycan - Sent Lüsiya oyunu 27 mart saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.


