“Əlimizdən gələni edəcəyik ki, Portuqaliya ilə görüşdən pozitiv nəticə ilə ayrılaq”.

Offsideplus.az xəbər verir ki, bu sözləri U-21 yığma komandamızın baş məşqçisi Rəşad Eyyubov AVRO-2027-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunundan əvvəl jurnalistlərə açıqlamasında deyib.

33 yaşlı mütəxəssis Portuqaliya seçməsinə qarşı keçirəcəkləri Avropa çempionatının seçmə mərhələsinin oyunundan əvvəl fikirlərini bölüşüb:

"Futbolçular mental olaraq qalibiyyətlərə hazır olmalıdırlar. Heç bir rəqib qələbəni bizdən çox istəyə bilməz. Fərqi yoxdur, Portuqaliyaya qarşı oynayırıq, yoxsa başqa komanda ilə. Əsas məqsədimiz oyunçularımızı A milliyə hazırlamaqdır. Vacib məsələ odur ki, oyunçular pozitiv təcrübə alsınlar və növbəti addımı atanda, onlar mental olaraq qələbələrə hazır olsunlar. Bizim üçün müəyyən çətin məqamlar var. Bəzi oyunçularımız Əvəzedicilər Liqasında, digərləri isə I Liqa və Premyer Liqada oynayırlar. Fiziki baxımdan necə balans tapaq ki, hamı eyni kondisiyada olsun? Ən böyük çətinlik budur. Fiziki olaraq bu oyuna tam hazırıq”.

Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsinin B qrupunda martın 27-də 8-ci km qəsəbə stadionunda Portuqaliya yığmasını qəbul edəcək.