Monteneqro yığmasının baş məşqçisi Faruk Hadjibeqiç Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Lüksemburqla keçiriləcək oyunlar barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 23 nəfərlik heyəti açıqlayan 63 yaşlı mütəxəssis komandasına güvəndiyini bildirib: “İlk iki matçdakı qələbəyə baxmayaraq, rəqiblər kimi sıfırdan başlayacağıq. Kipr və Lüksemburqla oyunlarda iştirak edən heyətə güvənmək qərarına gəldim. Bütün oyunçuların sağlam və formada olmalarına sevinirəm. Ümid edirəm ki, qarşıdakı matçlara qədər zədələnməzlər. İndiyə qədər topladığımız 6 xal qrup birinciliyi üçün zəmanət deyil. Sadəcə, yarışın davamında keyfiyyətli iş və yüksək səviyyədə oyun ortaya qoymaq üçün stimuldur. Azərbaycan və Lüksemburqla görüşlərdə indiyə qədər qazandığımız xalları təsdiqləməliyik. Bundan ötrü maksimum motivasiya, konsentrasiya, istək və nizam-intizama ehtiyacımız olacaq”.

Qeyd edək ki, Monteneqro yığması C liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 10-da Azərbaycan, 13-də isə Lüksemburqu qəbul edəcək.