Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində "Şəki" komandası seriyanın ikinci oyununda "Sabah" klubuna 72:96 hesabı ilə uduzaraq final şansını itirib.
Offsideplus.az xəbər verir ki, bununla da seriyada 2:0 üstünlük qazanan "Sabah" finala vəsiqə qazanıb. Məğlubiyyətdən sonra "Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlama verib. Türkiyəli mütəxəssis rəqibi təbrik etməklə yanaşı, komandasının çıxışını da dəyərləndirib:
"Rəqibimizi finala çıxdığı üçün təbrik edirəm. Mövsümün gətirdiyi yorğunluqdan dolayı enerjimiz azalmışdı. Yenə də uşaqlar əllərindən gələni etdilər. İlk hissədə rəqibə qarşılıq verə bilmədik. Ondan sonra da matçda onlara çatmağımız mümkünsüz oldu," – deyə baş məşqçi bildirib.
Meriç komandasının mövsüm ərzində göstərdiyi performansdan qürur duyduğunu da əlavə edib:
"Mövsümün ən yaxşı performans göstərən komandası olduq. Finala çıxa bilməsək də, çempionatı 3-cü sırada başa vurduq. Bu, bildiyim qədəri ilə Şəki şəhərinin idman tarixində ən yaxşı nəticəsidir. Şəki şəhərinə bu da bizdən hədiyyə olsun".
O, həmçinin bu nəticənin Şəkidə basketbola olan marağın artmasına töhfə verəcəyinə ümid etdiyini bildirib:
"Düşünürəm ki, bu uğur Şəkinin idman mədəniyyətinin inkişafı üçün bir addımdır. Ümidvaram ki, bu uğurdan sonra Şəkidə basketbola maraq artar, məşqçilər daha yaxşı oyunçular yetişdirər, valideynlər uşaqlarını idmana yazdırar. Şəki kiçik şəhər olsa da, burada böyük ürəklərlə oynadıq".
Sonda Meriç komandasına və azarkeşlərə təşəkkür etməyi də unutmayıb:
"Bütün oyunçularımı ürəkdən təbrik edirəm. Mövsüm boyu bizim yanımızda olan azarkeşlərə də təşəkkürümü çatdırıram".