“Barselona”nın prezidenti Xoan Laporta klubun Milad gecəsində çıxışı zamanı “Real Madrid” və klub prezidenti Florentino Pérez barədə kəskin fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, Laporta bildirib ki, “Barselona”nın son uğurları ciddi qısqanclıq doğurur və buna cavab olaraq bəzi qüvvələr “alçaq üsullara” əl atır:
“Hazırkı uğurlarımız böyük qısqanclıq yaradır və buna həqiqətən iyrənc yollarla reaksiya verirlər. Hər cür əxlaq kodeksini tapdalayır, hamı üçün pis nümunə olurlar.”
Prezident kimləri nəzərdə tutduğunu açıq deməsə də, mesajın ünvanının aydın olduğunu vurğulayıb:
“Kimdən və hansı klubdan danışdığımı deməyə ehtiyac yoxdur. Daim bizi gözdən salmağa çalışır, gerbimizə və dəyərlərimizə hücum edirlər.”
Laporta əlavə edib ki, “Barselona” bu cür davranışlara dözməyəcək və rəqiblərini tənqid edərək onları gücü despotizmlə qarışdırmaqda, kinayə və həddindən artıq təkəbbür göstərməkdə ittiham edib. O, həmçinin “yalan və zəhər yayan” televiziya proqramı vasitəsilə ictimai rəyin manipulyasiya edildiyini söyləyib.
Sonda Laporta “Barselona”nın yenidən gücləndiyini vurğulayıb:
“Biz həm meydanda, həm də meydandan kənarda yenidən güclüyük. Tariximizi silməyə və öz adlarına çıxmağa çalışsalar da, buna nail ola bilməyəcəklər. Biz şanlı bir dövr qururuq və yenidən zirvəyə qayıdacağıq.”



