"Bakı"nın fəaliyyətini dayandırmasının üzərindən illər keçib, amma klubun adı, uğurlu çıxışı bu gün də azərbaycanlı futbolsevərlərin xatirindədir. Yaxın keçmişdə "küləklər şəhəri"nin "Neftçi"dən sonra ikinci ən böyük klubu sayılan "ağ-göylər" Bakını nəinki Azərbaycan çempionatında, Avropa arenasında da layiqincə təmsil edirdi.

Bakılıların avrokuboklardakı çıxışı, ələlxüsus "Ekranas"la duelləri azarkeşlərin yaddaşındadır.

"Zolaqlılar"ın heyətində Azərbaycan futbolu üçün ulduz sayıla biləcək bir çox oyunçu top qovurdu. Aleksey Savinov, yığmamızın da formasını geyinmiş Andre Ladaqa və Leandro Qomeş, Azərbaycan çempionatları tarixində sol ayaqla ən yaxşı oynayan futbolçulardan biri kimi yadda qalan Aleksandar Şoliç, ləqəbi "Mumu" olan, elə formasının arxasına da adını bu cür yazdıran Amiran Muciri, millimizin heyətində çıxış etmiş daha bir oyunçu - cərimə zərbələrinin mahir ifaçısı Fabio Luis Ramim, "Xəzər Lənkəran"la keçirilən kubokun finalında Kamran Ağayevin qoruduğu çərçivəyə mərkəz xəttindən də geridən qol vuran Ernad Skuliç, Jaba, Felipe Almeyda Feliks - bir sözlə, paytaxt klubunun heyəti zaman-zaman səviyyəli legionerlər və yerli futbolçulardan ibarət olub.

Onlardan biri də nə az, nə çox - 8 il "Bakı"da əlcək geyinmiş Xalidu Sissoko idi. Seneqallı keçmiş qolkiper demək olar ki, "Bakı"nın "son nəfəsinə" qədər klubdan ayrılmayıb. O, paytaxt təmsilçisində qapıçı kimi oynadıqdan sonra "Bakı"da məşqçi olaraq da çalışıb. 

Onunla Azərbaycandakı günləri, "Bakı" karyerası haqda və bəzi mövzular ətrafında söhbətləşdik...

- Necəsən? İşlərin necədir?

- Təşəkkür edirəm. Hər şey qaydasındadır. Yada salındığım üçün şad oldum. Azərbaycandakı bütün dostlarıma, azarkeşlərə salam olsun!

- Sosial şəbəkə hesabındakı paylaşımlarından gördüyüm qədərilə hazırda ölkənizdə qapıçılar üzrə məşqçi kimi çalışırsan.

- Bəli.

- Milli komandada, yoxsa klubların birində?

- Seneqalın U-17 və U-20 millilərində fəaliyyət göstərirəm.

- Seneqal yığmasının DÇ-2022-dəki çıxışını necə qiymətləndirirsən?

- Fikrimcə, millimiz çox yaxşı çıxış etdi. Hətta bundan yaxşısı ola bilməzdi.

- Bəs səncə, Sadio Mane də mundialda iştirak etsəydi (oxu: zədə səbəbilə DÇ-2022-dən kənarda qalıb), Seneqal millisi daha da irəli gedə bilərdi?

- Afrika Millətlər Kubokundan sonra əksər futbolçular öz klublarında az oynadı, bəziləri formadan düşdü. Əlbəttə, Manenin yoxluğu komandamızın çıxışına təsirsiz ötüşmədi. Amma bununla belə, 1/8 final mərhələsinə adlamağı böyük uğur sayıram.

- Futbolçu karyeranın böyük qismi Azərbaycanla bağlıdır. 8 il "Bakı"nın uğurları üçün çalışmısan. Yəqin ki, buradakı günlərini xatırlamamış deyilsən...

- Əlbəttə! Karyeramın əsas hissəsi "Bakı" ilə bağlıdır. Bu klubu unutmaq mümkün deyil. Azərbaycanla bağlı çox maraqlı təəssüratlarım var, hansı ki, həmişə xoş xatirə kimi anacağam. Ölkəniz möhtəşəm idi!

- Amma "Bakı" artıq yoxdur ...

- Bəli, sonradan öyrəndim ki, klub artıq fəaliyyətini dayandırıb. Çox təəssüfləndim. "Bakı"nın yoxluğu Azərbaycan futbolu üçün böyük itkidir. Hətta bunu sözlə ifadə etmək çətindir. Bu klub ölkənizə Avropadaxili yarışlarda da çox fayda verib.

- Vaxtilə oyunlarınızı keçirdiyiniz meydança, klubun bazası da dağıdılıb. Yerində isə yeni stadion yox, binalar tikilib.

- Səbəbləri bilmirəm, amma bunu etmək düzgün deyildi. O bazada Azərbaycan futbolunun gələcəyi ola biləcək neçə-neçə oyunçu yetişə bilərdi. Futbolun inkişafını istəyən bir ölkədə bu addım atılmamalı idi.

- Seneqalda da bu kimi hallara şahidlik etmisən?

- Bəlkə də zaman-zaman olub.

- "Bakı"dan danışırıqsa, klubun prezidenti olmuş Hafiz Məmmədovun da adını çəkməliyik. Funksionerlə səmimi dostluq əlaqələrin də vardı. Onu necə xatırlayırsan?

- Onu xatırlamamaq olar?! Hafiz Məmmədov elə bir insan idi ki... O, çox səxavətli, mehriban, komanda üzvlərinin hər birinə xüsusi diqqət göstərən alicənab rəhbər idi. Mən onu böyük qardaşım kimi görürəm. 

678

- Hətta o vaxt tədbirlərin birində zarafatla "Mən naxçıvanlıyam, soyadım da Süleymanovdur", - demişdin...

- Bəli.(Gülür) Mən onun kiçik qardaşıyam.

- Bəs sonradan onun başına gələnlərdən xəbərin oldu?

- Xeyr, nə baş verib?

- Ötən ilin əvvəlində vergi məsələlərinə görə barəsində həbs qətimkan tədbiri seçilmişdi. Səhhətində də problemlər yaranıb.

- Həqiqətən, bunlardan xəbərim yox idi. Çox təəssüf! Hafiz Məmmədov kimi ədalətli bir insan bunlara layiq deyildi. İnanıram ki, ilahi ədalət öz yerini tapacaq və ona bu çətin durumdan çıxmağa kömək edəcək. Onun şəxsiyyətinə hər zaman böyük hörmətim olub və olacaq!

- "Bakı"nın heyətində sənin üçün ən yaddaqalan matç hansı olub?

- 2009-cu ildə çempionluq uğrunda "Simurq"la keçirilən oyun. Vadim Boretsin qolu ilə çempionluğu bayram etmişdik. Həmin qarşılaşmanın mənim üçün xüsusi yeri var. Həmin il Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil etmişdik.

- Yəqin, "Buduçnost"la oyun da yaddaşında acı xatirə kimi qalıb. Bakıda 2:1 hesablı əzmkar qələbə qazansanız da, sonradan klubun yeni transferi Joe Epallenin əvvəlki komandasında çıxış edərkən passivində olan "qırmızı"sı hər şeyi alt-üst etmiş və UEFA sizə texniki məğlubiyyət (0:3) vermişdi...

- Deməzdim ki, acı xatirədir. Bu, futboldur. Hər şeyə hazır olmaq lazımdır. Məncə, bunu faciəyə çevirmək lazım deyil.

- Xalidu, Azərbaycan çempionatının oyunlarını izləmək imkanın olur?

- Düzdür, günüm məşqlərdə keçir, amma fürsət olduqca çempionatınızı izləyirəm.

- "Qarabağ"ın avrokuboklardakı çıxışını necə?

- Bəli, izləyirəm. Düşünürəm ki, "Qarabağ" UEFA Konfrans Liqasında "Gent" səddini aşacaq. Ağdam təmsilçisini dəstəkləyirəm. Son illərdə Azərbaycanın ən güclü klubu "Qarabağ"dır. Amma "Neftçi" də "Qarabağ"ın Avropa arenasındakı uğurlarını təkrarlaya bilər. Bu iki kluba böyük simpatiyam var.

- Yenidən Azərbaycandan təklif alsan, gəlib işləyərsən?

- Bu sualın cavabı bəllidir - əlbəttə! Əgər eyni gündə İngiltərə, Fransa və Azərbaycandan təklif alsam, düşünmədən ölkənizi seçərəm. Azərbaycan mənim ikinci vətənimdir. Sevə-sevə gələrəm.

- "Bakı"da komanda yoldaşın olmuş futbolçularla, ələxüsus azərbaycanlı oyunçularla əlaqələrin qalır?

- Bəli. Ceyhun Sultanovla bu gün də dostluq münasibətlərimiz var, danışırıq. O, böyük ürəyə sahib insan və cəsarətli kapitan idi. O cümlədən, Rafael Əmirbəyov, Vadim Borets, Fabio Luis Ramim, Aleksey Savinov və bir neçə futbolçu ilə də əlaqələrim var.

- Son olaraq nə demək istərdin?

- Azərbaycan xalqına, azarkeşlərə xoş günlər, sağlıqlı ömür arzu edirəm. Tanrı Azərbaycanı qorusun! Bir gün yenidən görüşmək ümidi ilə... Azərbaycanı sevirəm!

DAŞQIN ƏZİZ