"Real Madrid"in əfsanəvi futbolçusu və sabiq baş məşqçisi Zinedin Zidan klubun hazırkı hücum xətti ilə bağlı susqunluğunu pozub.
Offsideplus.az xəbər verir ki, fransalı mütəxəssis Kilian Mbappe və Vinisius Juniorun birgə çıxışını kəskin tənqid edərək, Madrid klubunda heç kimin həqiqətləri gizlətməməli olduğunu bildirib.
Zidanın əsas tənqidi oyunçuların meydandakı rollarının bir-birini təkrar etməsi ilə bağlıdır. O, Vinisiusun Kərim Benzema ilə qurduğu tandemi nümunə göstərib:
"Benzema nə vaxt geriyə gəlməli, nə vaxt oyunu bağlamalı və nə vaxt arxa planda qalmalı olduğunu çox yaxşı bilirdi. Hər şey daha təbii irəliləyirdi.
İndi isə Mbappe və Vinisius eyni zonaya qaçır, eyni rolları boynuna götürməyə çalışırlar. Hər ikisi sol cinahı istəyir, hər ikisi müdafiənin üzərinə getmək və hər ikisi son nöqtəni qoymaq həvəsindədir."
Zidanın fikrincə, futbol təkcə iki böyük addan ibarət deyil və komanda daxilində fədakarlıq lazımdır:
"İki oyunçu da eyni anda oyunun mərkəzində olmaq istəyəndə komandanın tarazlığı pozulur. Bu klubun istədiyi səviyyədə bir anlaşma görmürəm. Futbol anlayış və balans tələb edir."
Fransız əfsanə sözlərini daha sərt xəbərdarlıqla bitirib. O hesab edir ki, əgər bu taktiki uyğunsuzluq həll olunmasa, klub radikal addım atmalı olacaq:
"Əgər bu vəziyyət belə davam edərsə, onlardan birinin komandadan getməsi qaçılmaz olacaq."


