Azərbaycanın 3 klubu - "Neftçi", "Zirə" və "Qəbələ" ötən gün UEFA Avropa Konfrans Liqasında mübarizəyə başladı.

 Offsideplus.az xəbər verir ki, turnirin ikinci təsnifat mərhələsinin ilk matçları çərçivəsində oyunlarını keçirən hər üç təmsilçimiz meydanı məğlub tərk etdi. "Neftçi" və "Qəbələ" səfərdə, "Zirə" isə doğma meydanda azarkeşlərini məyus etdi. "Qəbələ" Macarıstan "Fehervar"ı ilə görüşdə hesabı açsa da, sonda 1:4 hesablı məğlubiyyətə üzüldü. "Zirə" Bakıda güclü "Makkabi" (İsrail, Tel-Əviv) klubuna böyük hesabla (0:3) uduzdu.

"Neftçi" isə səfərdə Kiprin "Aris" komandasından iki cavabsız qol buraxdı.

Təmsilçilərimizin uğursuz çıxışı haqda fikirlərini almaqçün Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynova müraciət etdik. O, "Qəbələ"nin oyunundan başqa digər iki matçı izlədiyini və nəticələrdən təəssüfləndiyini söylədi: "Qəbələ"nin oyununa canlı baxa bilmədim. Fraqmentləri izlədim, ilk qolu hətta "qırmızı-qaralar" vurmuşdu. Ancaq əfsuslar olsun ki, hesabı qoruyub saxlaya bilmədilər. Ona görə də cavab matçı "Qəbələ" üçün çox çətin olacaq.

Püşkatma zamanı ən çətin rəqib isə sözsüz ki, "Zirə"yə düşmüşdü. "Makkabi" komandasının gücünə bələd idik. Rəqib ilk dəqiqələrdən artıq öz sözünü deməyə başladı. "Zirə" isə Rəşad Sadıqovun rəhbərliyi altında ilk avrokubok oyununa çıxmışdı. Əlbəttə, könül istərdi ki, qələbə qazansınlar, lakin "Makkabi" öz ağırlığını meydana qoydu. Təəssüf ki, hesabın belə olması ümidlərimizin üstündən xətt çəkir. Ancaq yenə də, bu, futboldur, hər şey ola bilər. Komandamıza cavab görüşündə uğurlar arzu edirəm".

"Neftçi"nin "Aris" məğlubiyyətinə toxunan Hüseynov "ağ-qaralar"ın cavab qarşılaşmasında da belə oyun göstərəcəyi halda, mərhələni keçə bilməyəcəyini dilə gətirdi: "Neftçi"nin də oyununu izlədim. Etiraf edim ki, matçda təmsilçimiz adına bir dənə də olsun müsbət məqam görmədim. Çox sönük oynadılar. Fəqət oyundan əvvəl hamımız düşünürdük ki, "Neftçi" "Aris"i keçə bilər. Ən əlverişli rəqib elə bakılıların bəxtinə düşmüşdü. Lakin dünən meydanda bunun əksini gördük. Bəlkə də, "Neftçi"nin sönük oyunu "Aris"i yaxşı oynamağa vadar etdi. Hətta rəqib komandanın xeyli qol şansları da oldu. Deyərdim ki, hesab 0:4, 0:5 də ola bilərdi. Bəxtimizdən "Aris"in futbolçuları əlverişli məqamlarda çərçivəyə düşə bilmədilər. Onu da deyim ki,  Bakıdakı cavab oyununda "Neftçi" doğma azarkeşləri önündə qələbə qazanıb mərhələni keçə bilər. Bunun üçün gücü var. Ancaq səfərdəki kimi oynasalar, burda da məğlubiyyət qaçılmaz olacaq. Səhvlərdən nəticə çıxarmalı, doğru analiz edib cavab görüşünə hazırlaşmalıdırlar".

Daşqın Əziz