"Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov klublarımızın, ələlxüsus "Neftçi"nin iştirakı ilə avrokubokların qrup mərhələlərinə qədər olan periodu təhlil edib.

Offsideplus.az Süleymanovun geniş təhlilini olduğu kimi təqdim edir:

Avrokuboklarda kvalifikasiya, p.-off marafonu başa çatdı. Qrupların püşkü də atıldı. Bu mövsümdən etibarən UEFA yeni, çəkisinə görə 3-cü turnirə, Konfrans Liqasına start verdi. Vaxtilə bəyənilməyən Avropa Liqası klublarımızın üzünə bağlandı. İlk mərhələlərdən avrokuboklara qatılan ölkə çempionlarının imtiyazları artırıldı. İlk dəfə olaraq qalib komandalar 3 mərtəbəli güzəştlərlə hər 3 turnirdə qrup yolunun axtarışına çıxdılar... Çempion "Neftçi" turnirlərin hamısında özünü sınadı. "Dinamo" ilə oyunlardan başlayaraq müzakirələr aparıldı, hərtərəfli fikirlər bildirilirdi. Bu gün də davam etməkdədir...Komandaya dəstək olmaqla yanaşı, təzyiq olmasın deyə, təhlilləri, açıqlamaları sonraya saxladıq. Səbəbsiz deyildi...

Əvvəlki illərdə "Neftçi" çempion olmalıdır ki"? düşüncələri ilə razılaşmaq mümkün deyildi. Qəti etirazımızı bildirir, belə açıqlamaların yolverilməz olduğunu əsaslandırırdıq. Uzun illərdən sonra "Neftçi" çempionluğunu qaytardı, istəmədən özləri özlərini "döymüş" oldu. Komanda hazır idisə, niyə təzyiqlər olmasın deyə düşünülürdü? Çünki analizlərə söykənərək belə olacağı öncədən bilinirdi. Sonra deyilməsin ki, bizə imkan vermədilər oynamağa. Onsuz da klubdan axtarılan "günahkarlar" günü-gündən artır...

Heç bir klub uğursuzluqdan sığortalanmayıb. Sığorta şirkəti ilə anlaşması olan tək "Neftçi"dir. Komanda udar da, uduzar da. Fərq ondadır ki, bir var qəza, bir var məqsədəuyğunluq. Təzyiqlər olmadan fanatların az da olsa ümidləri qalmalı idi... Təhlillər futbol adına daha geniş aparılmalıdır. Artıq həftələrdi klubun daxilində, çölündə günahkarlar axtarılır, müxtəlif arqumentlər gətirilir, fanat-azarkeşlər arasına bilərəkdən nifaq salınır, süni qarşıdurmalar yaradılır. Təbliğat maşını "Neftçi" adına yox, fərdlərə qulluq edir...

Uğursuzluğa dəqiq diaqnozun qoyulması üçün ötən mövsümə, daha öncəyə gedilməli və mərhələli şəkildə analizlər aparılaraq bu günlərə gəlinməlidir. Bir matçı, bir mövqeyi, bir futbolçunu, bir transferi müzakirə etməklə problemlərin kökünün haradan qaynaqlandığı bilinməz!

nef

I
"Neftçi" çempionluğun qazanılmasına hazır idimi?

Ötən mövsüm iki mərhələyə bölünməlidir:

1. Çempionatda 0:6 məğlubiyyətə qədərki dönəm;
2. Klubdakı istefalar və finişə kimi yeni baş məşqçi dönəmi.  

Çempionatın gedişindən növbəti bəhanələrə start verilmişdi. "Büdcə 40% aşağı düşüb"sığortaları mövsümün sonuna hesablanmış "gedişlər" idi. Belə idisə, bu məntiq(sizlik)lə "Neftçi" necə çempion oldu və ya öncəki illərdə niyə olmurdu?! 

Böyükhesablı, acınacaqlı, qəbuledilməz məğlubiyyət baş verməsəydi, çempionatın sonuna kimi belə də davam ediləcəkdi. Haqlı narazılıqlar pik həddə çatdıqdan sonra məcburi dəyışıklıklərə gedildi. Yeni baş məşqçinin gəlişi komandanı, futbolçuları silkələdi. Samir Abasovun dəfələrlə bildirdiyi kimi, komanda psixoloji olaraq çökmüş vəziyyətdə idi. 

Emosional fonda ruh yüksəkliyi olsa da, finişə yaxınlaşdıqca komandada olan çatışmazlıqlar açıq görünürdü. Birmənalı olaraq Samir Abasovun flaqmana gəlişi baş verməsəydi, sonda çempionluq qazanılmayacaqdı. İllərdi "Neftçi"nin bəhanələrlə idarə olunması "Qarabağ"ı da arxayınlaşdırmışdı... 

Bu, o demək deyil ki, "Neftçi"də futbolçular həddindən artıq zəif və çempionluğa layiq deyildilər. Sadəcə illərdi klub daxilində özgüvən yox idi. Emosional ruh fonunda inam qayıtmışdı. "Neftçi"nin hər zaman çempionluğa hazır olan böyük adı, həqiqi fanatları var! 

Azarkeşlər haqq etdikləri çempionluğa sevindilər, məşqçi, futbolçular yükun altından çıxa bildilər, rəhbərlik sevinc göz yaşları axıtdı, üzə çıxmayanlar üzə çıxdı, uğura aparan futbol yolu xəritəsindən ağız dolusu danışıldı, qələbə payı, şərikliyi dartışdırıldı... 

Çempionluğun əldə olunması iddialı, hazır olmayan beyinlərdə qrup səviyyəsi kimi qeyd edildi. "Neftçi"də çempionluq, kubok minimum vəzifə sayılır. Minimumu maksimum kimi qəbul edən klub/komanda məsulları eyforiya fonunda 1-2 aydan sonra nələrin baş verəcəyini yaddan çıxartmışdılar.

3t

II
"Neftçi" heyətini niyə komplektləşdirə bilmədi?

Böyük futbolda, klublarda nadir hallarda belə şans yaranır. Komanda həm çempion olur, həm də ehtiyac duyulmayacaq legioner futbolçularla müqavilələr bitir. Komandanın yenidən formalaşdırılması, gücləndirilməsi üçün klub maliyyə yükündən azad olur, ideal şərait yaranır. Hər bir komandanın onurğa sütunu, açar futbolçuları olur. Heyətin sabitliyinin qorunması çox önəmlidir. Avrokuboklara uyğun gələn Mahmudov-Laval-Buqrin-Stankoviç-Kane-Ələsgərovun ətrafında heyət gücləndirilməliydi. 

Əldə hazır olan futbolçular əsas heyətin yarıdan çoxu deməkdir. Belədə stressiz halda komandanı gücləndirmək də ploblem olnamalı idi.Təsəvvür edin, boş mövqelərə qeyd olunan futbolçulardan daha güclüləri, ən azından eyni səviyyədə oyunçular gətirilsəydi "Neftçi" hansı gücə sahib olardı. Son 5-6 ildə "Neftçi"də komanda quruculuğu deyəndə, nədənsə hamı legioner futbolçuları nəzərdə tutur. Komanda tək əcnəbi futbolçulardan ibarət olmur. Səviyyəli yerli və legioner futbolçuların vəhdəti ölkə klubları üçün daha effektli olur. 

2005-2015-ci illər aralığında "Neftçi"də kifayət qədər yerli futbolçu hazırlanmışdı. O yetirmələr ki, gənc yaşlarından çempionluqlar yaşamış, kuboklar qazanmış, p.-offlar, qruplar oynamışdı. Az sayda səviyyəli legionerlərlə "Neftçi"nin yükünü minimum 10 il çiyinlərində daşımaq iqtidarında idilər. Davamını gətirmək əvəzinə, yerli istedadlar "Neftçi"dən didərgin salındı, illərin zəhməti hədər verildi. Başqa klublar bir yana, hazırda "Qarabağ"da çərçivədən, müdafiədən tutmuş hücum xəttinə kimi 3 "Neftçi" yetirməsi çıxış edir. Bunun günahı ağdamlılarda deyil, "Neftçi"nin strategiyasını cıza bilməyən gəlib-gedən idarəçilərindədir...

Kamran Quliyevin "Sumqayıt" rəhbərliyi dönəmində "Neftçi" çoxsaylı gənclərini icarəyə verirdi, maaşını ödətdirirdi. İndi əksidir, 100 min dollara klubdan futbolçu alınır. "Neftçi" "borc" içində "bata-bata" son 6 ildə 80-ə(!) yaxın legioner futbolçu sifariş edib, çempionatda oynadıb və onların da yuxarı-aşağı yarısı indiki rəhbərliyin vaxtına düşür.

Bu azmış kimi, yaşı 30-u haqlamış Rəhman Hacıyevlə hər mövsüm müqavilə bağlanır, uzadılır və dərhal da icarəyə(!) verilir. Gənc futbolçu deyil ki, təcrübə toplaya, püxtələşmə dövrünü keçə. Milliyə cəlb edilən oyunçudur, komandaya lazımdırsa oynadılmalıdır, yox, uğurlar arzulanmalıdır... 

Klub prezidenti bildirir ki, hələ bir il öncə Krivatçuk gedəcəyini bildirib, özünüzə futbolçu tapın deyib. Bu müddət ərzində neçə futbolçu gətirmək olardı?! Bunun əvəzinə Bakıda Meza Kollinin arxasınca qaçılır. Vaxt varıydı paraqvaylı yaşıl meydanlarda flavinyoların arxasınca qaçırdı. Müqaviləsi bitən, arada mərkəz hücumçusu mövqeyində də çıxış edən, futbolçu keyfiyyətləri bəlli olan Mbodcla Çempionlar Liqasına getmək ən azından sadəlövhlükdür.
Seleksiya işi tək xaricdən ibarət deyil. 100 min dollar daxili transferə pul ödəyən, 400 min dollarlıq Nikitanı Bakıda gəzdirən klub Emil Balayevi, Bəhlul

Mustafazadəni, Ramil Şeydayevi zamanında əldən buraxmamalı idi... Bunun əvəzinə, taleyüklü avrokubok oyunları gedə-gedə Namik Ələsgərov olayı yaşanır. Bu barədə çox danışılıb, çox yazılıb, bütün tərəflər ittiham edilib. Mənəvi tellər öz yerində... FİFA-nın bəlli transfer qanunları var. Bu tipli məsələlərdə marağı olan klublara, federasiyalara müəyyən müddət verilir. Həll olunmadıqda beynəlxalq qurum məsuliyyəti öz üzərinə götürür. Bu qədər sadə... 

Elementar FİFA qanunlarını bilməyənlərin klublarda, ümumiyyətlə futbolda nə işləri var?! 

Vəkillərə tapşırılıb deməklə futbol, klub idarə olunmur. Məhkəmə, dava prosesləri aylarla, illərlə davam edir. Bu, sonrakı mərhələdir. Faktiki isə artıq futbolçu "Bursaspor"un heyətində meydana çıxır, milliyə türk klubundan gəlir. 

"Neftçi" HİK-ə qarşı 8 legionerlə meydana çıxır, transferlərdən, futbolçu çatışmazlığından şikayət edilir. Komandada mövqelər üzrə komplektləşmə düzgün aparılmayıb. Hazırda bakılıların heyətində 9 legioner, "Qarabağ"da rəsmi 8 əcnəbi futbolçu var. Ehtiyatda oturan, milliləşdirilən Almeyda, oynadılan Ozobiçlə 10 edir. Sayda ciddi fərq yoxdur.

hik

Legionerlərlə yanaşı yerli futbolçular hazır olmalıdır. Emin, Maksim, Qara öz yerində, Abbas, Toral, İsmayl kimi gənclər hazır vəziyyətə gətirilməlidir. Avrokuboklar gənclərin yoxlanılması, təcrübə qazanması məkanı deyil. 

"Gənclər hazırlanıb meydana buraxılmalıdır"

Böyük futbolda qapıçı mövqeyi çox spesifik nöqtədir. Futbolçular arasında qapıçıların tam fərqli psixologiyası olur. Dünya səviyyəli əlcək sahibləri kritik qurtarışları ilə yanaşı öz qapılarında bəsit qollar görürlər. "Qarabağ" Azərbaycan futbolu üçün həddindən artıq çox səviyyəli, ödənişli Beqoviçi gətirmişdi, Avropa meydanlarında xilaskar rolunu oynaya bilmədi. 

İndi Şahruddinə, Emilə üstünlük verilir. Doğru qərardır!

"Neftçi"də Aqil Məmmədov azarkeşlər tərəfindən birmənalı qarşılanmır. Bəlli qapıçı səviyyəsi var. Bu mövsüm avrokubok turnirləri Aqilin karyerasında pik zirvə oldu. Tiflisdən başlayaraq "Neftçi"nin xilaskarına çevrildi. Qapıçının inanılmaz seyvləri olmasaydı, komanda daha acınacaqlı məğlubiyyətlərlə üzləşərdi. Müdafiəsiz buraxılan qolların 90%-də qapıçı günahsızdır. Əvəzləyici Kamran da yerindədir. Hazırda "Neftçi"də müzakirə olunmayacaq mövqe varsa, o da çərçivədir.
Arada "Neftçi"-"Qarabağ" paralelliyi ona görə aparılmır ki, komandalar, fanatlar qarşı-qarşıya dursunlar. Ona görə edilir ki, transferlərdə, komanda quruculuğunda bəhanələr gətirilməsin. Nə qədər ağır olsa da, hər vəziyyətdən çıxış yolları var... Necə klub olursansa ol, necə şərait qurursansa qur, bütün görülən işlərlə bərabər komandanın komplektləşdirilməsi bir nömrəli məsələdir. Söhbət "Neftçi" kimi klubdan gedirsə, ümumiyyətlə başqa çıxış yolu yoxdur. Klub rəhbərliyi, məşqçilər korpusu komandanın formalaşmasına birbaşa məsuliyyət, cavabdehlik daşıyırlar!

III
Azərbaycana futbolçu gəlmir? 

Mövcud problem hər zaman yaşanıb, olub və tək bizim ölkəyə aid deyil. Üst səviyyədə olan legionerlər Azərbaycana gəlməz. Komandalarımız elə klublara qarşı oynayıb ki, bir aparıcı futbolçularının qiyməti klublarımızın 5-10 illik, daha artıq büdcələrindən çox olub. Nisbətən səviyyəli legionerləri gətirmək üçün gecə-gündüz çalışmaqla yanaşı bacarıq lazımdır. Axtaran tapar... 

Transferlərdə qəbul olunmuş, yazılmamış qayda var, 5-dən 3-ü faydalı olursa, qənaətbəxş sayılır. Daha yaxşı göstəricilər seleksiya fəaliyyətində zirvə deməkdir. Transfer çalışmalarının öz peşəkar incəlikləri var...

 Azərbaycan futbolunun mənfi cəhətləri olduğu kimi, müəyyən üstünlükləri də var. Çoxları diqqət etməsə də, ölkəmizdə 200-300 min dollarlıq müqavilə, Avropada 400-500 minə bərabərdir. Azərbaycanda təmiz, vergisiz pullar ödənilir, maaşdan 40-50% tutulmur. Bu amil marağı olan klublar tərəfindən çox vaxt "unudulur". "Neftçi"nin kifayət qədər legioner futbolçusu var. Onlara toplam olaraq illik 1.5 milyon dollardan çox vəsait ödənilir. Bu pulla minimum 300-400 min dəyərində 4-5 keyfiyyətli futbolçu transfer etmək olar. Bahalı futbolçuların yükü, cavabdehliyi sponsor, azarkeşlər qarşısında ağır olur... 

Ən rahatı 100-150 minlik oyunçular alıb sonra şikayət etməkdir. Vaxt var idi bəzi klublar bu metoddan "məharətlə" istifadə edirdi. 15-20 legionerə 2-3 milyon pul ödəyib sonra car çəkirdilər ki, 400-500 minlik futbolçularımız yoxdur, necə nəticə qazanaq. Elə "Neftçi"nin özü 8 komanda arasında 7-ci yerdə qərarlaşanda heyətdə 16(!) legioner var idi... 

"Neftçi"də sponsorlar tərəfindən ayrılan vəsait komandanın qat-qat güclü olmasına kifayət edir. Seleksiya xidməti daxil olmaqla klubda strukturu, vəzifə bölgüsünü nə azarkeşlər, nə jurnalistlər, nə də kənardan kimlərsə gəlib etmir, klub rəhbərliyi formalaşdırır və tam olaraq cavabdehlik daşıyırlar. 6 ilə "Neftçi"də hər legionerə orta hesabla minimum 100 min dollardan hesablamaqla 8 milyon vəsait xərclənib.Təbii ki, bu məbləğ daha böyükdur. Bu illər ərzində 300-400 minlik şıkovlardan tutmuş ödənişli dabolara, baş məşqçi bordinlərə kimi milyonlar ödənilib. İndi Moldova millisində "xarüqələr" yaradan Bordin keçmiş klubu "Şerif"in Ç.L.-dəki uğurlarına, transferlərinə həsəd aparır.

IV
İdeologiya, strategiya, psixoloji amil.

Futbolda 4-5 mütləq faktordan biri psixoloji hazırlıqdır. Bir çox dünya səviyyəli məşqçilər bu amili ümumiyyətlə birinci sayır. Həqiqətən də futbolçuların, komandanın fiziki, texniki-taktiki, nəzəri hazırlığı nə qədər yüksək olsa da, psixoloji durum yerində deyilsə, istənilən nəticələrin qazanılması mümkünsüz olur.
"Olimpiakos", AEL, "Makkabi", "Aberdin", HİK, "Soçi", "Çukariçki"... "Lüdoqorets"in keçdiyi yunanlar o qədər böyüdüldü ki, "Neftçi" finlərin də qarşısına özünü kiçildərək çıxdı. Hər kəs klubların hansı büdcəyə, hansı gücə sahib olduğunu yaxşı bilir. Hər dəfə klub/komanda tərəfindən ekranlardan, mətbuat konfranslarından bunları təkrar-təkrar xatırlatmağın nə anlamı var? 

Azərbaycan klub futbolu çətinliklə bu psixoloji baryerləri çoxdan aşıb, Avropa nəhəngləri ilə qarşılaşıb. "İnter", "Borussiya", "Atletiko", "Çelsi", "Lill", "Arsenal", "Totenhem"... 

Belə yanaşma ilə onda "Neftçi"si, "Qarabağ"ı son 10 ildə ancaq transferlərə bir milyard(!) dollardan çox pul xərcləmiş "İner"lə qarşı "San Siro"da meydana çıxmaq əvəzinə La Skala səhnəsinin pərdə arxasında gizlənməli idi. "Olimpiakos" təbii ki, geniş heyətə, büdcəyə malikdir. 18 yaşlı qapıçı ilə meydana çıxmaqdan da çəkinmirlər, "Neftçi"dən Kaneni də aparacaqlar. Varlığa nə darlıq. Uduzulacaq, dünya dağılmayacaq. Əsas, meydana çıxmaqdan öncə psixoloji məğlub olmamaqdır. 

Məgər o psixoloji qələbə ruhunun hesabına "Qarabağ" üzərində çempionluq qələbəsi qazanılmadı?! O ruh olmadığına görə "Neftçi" tarixi şansı qaçırdı, HİK-ə məğlub oldu. Necə ki, "Qarabağ" digər komponentlərlə birgə, psixoloji hazırlığın sayəsində "Aberdin"i birnəfəsə keçdi. "Neftçi"də ideoloji iş bəhanələrin, "donos"ların üzərində qurulub, yanlış futbol strategiyası aparılır. Fanatlar, ictimaiyyət arasında uğursuzluq sponsorlara tərəf istiqamətləndirilir, hədəfə çevrilir. Sponsorların ən böyük günahı AFFA ideoloqlarının sayəsində klubda aparılan kadr seçimləridir. Fanatlar arasında ara qatıla bilər. "Neftçi"də 5 il çalışmışıq, bir dəfə də olsun sponsor nümayəndələri futbol işlərinə qarışmayıblar. İndi baş verirsə, ilk növbədə klub rəhbərləri qətiyyətsizlik göstərirlər. Sonda məsuliyyətdən boyun qaçırmaq məqsədi güdülür. "Neftçi" kimi kluba rəhbər şəxslər ona görə gətirilir ki, idarəçiliklə yanaşı baş məşqçi, məşqçilər korpusu ilə birgə komandaya, komanda quruculuğuna, nəticələrə cavabdehlik daşısınlar. Təlim-məşq toplanışları, texniki məsələlər rəhbər vəzifəsi deyil, nəzarət altında klubda sıravi əməkdaşların, inzibati heyətin görə biləcəyi işlərdir. 

Klub prezidenti deyir komanda quruculuğu mənlik deyil, v.-prezident "uzaqgörən" siyasəti ilə komandadan çox "uzaqdadır", idman direktoru vəzifəsi "ofsayda" düşüb, baş məşqçi haqlı/haqsız imdad edir, bombardir müalicəyə gedir, "Bursaspor"da peyda olur, legionerə Bakını gəzdirib azarkeşlərin başını qatırlar.
Çox illər öncə "Neftçi" çempionatlarda "Kayrat"la qarşılaşırdı, indi "Qarabağ"la qruplarda oynayacaq. Flaqman camiəsi çox rahatdı, hətta qruplaşmalar da yaradılıb, komanda nüfuzu qalıb kənarda. "Neftçi" böyük klubdu, böyüklük sözdə yox, əməldə qorunmalıdır. UEFA kubokunu qazanmış "Dinamo" Tiflis çox böyük klubdu, nə hala düşdüyünü hamı gördü. 

Mənfur qonşularımızın da ən titullu klubunu çoxdandı görən yoxdu, "Dinamo" Minsk də kölgədədir, illərdi BATE önə çıxmışdı, "Nistru"dan əsər-əlamət qalmayıb, "Şerif" qruplardadı, bir tək Rusiya, Ukrayna böyük klublarını qoruyub saxlaya bilib. "Neftçi" 15 ildə düşmənləri Moskvadan qovub, yeni dirçəlməyə başlayıb, futbol ideoloqları şəxsən gəlib Gedeni kluba təhvil veriblər. Klub çökdürülüb, yeni heyətlə qısa müddətdə yenidən dirçəldilib.Azərbaycan futbolunu dağıdanlar yenidən "Neftçi"ni çökdürüb, rəhbər, məşqçi, futbolçular əlcək kimi dəyişdirilib. 

Eyni kadr siyasəti ilə bu gün də davam etdirilir. Problem məğlubiyyət deyil, sabaha inkişaf ümidinin olmaması, "Neftçi" kimi kluba məğlub psixologiyanı qəbul etdirmək, qəbul etməkdir. Rəqabət dağıdıcılığa yox, quruculuğa istiqamət götürməlidir. Hansısa uğur qazanmış klubun dağıdılması arzulanmamalıdır, dağılmış, dağıdılmış klubların dirçəlməsi istənilməlidir. "Neftçi" özü o günləri yaşayıb. Hətta "Neftçi"nin çempionluğu belə sonda "Qarabağ"ın psixoloji qələbəsi ilə nəticələnir. Düşündürücüdür...

Şəhidlik zirvəsinə ucalan "Neftçi"li, "Qarabağ"lı, "Xəzər Lənkəran"lı, "Kəpəz"lı, "Şahdağ"lı, "Turan"lı, hər bir olan-qalan, dağılan klubumuzun, bölgəmizin fanat-azarkeşləri Qarabağ, torpaqlarımız uğrunda canlarından keçdilər. 

O şəhidlərin ruhu naminə bir olun, rəqabət ancaq yaşıl meydanlarda olsun. Bir-birinizin ayağından çəkməyin, futbolu dağıdanlara dəstək olmayın, futbolu, klublarımızı ucaldanlarla həmrəy olun! Ancaq bu təfəkkürlə "Neftçi", klublarımız, Azərbaycan futbolu layiq olduğu yerlərə gələ bilər...