Xəbər verdiyimiz kimi, növbəti mövsümdən II Liqada çıxış edəcək "Hypers" Qubaya köçüb. Kollektiv fəaliyyətinə "Hypers GUBA” adı altında davam edəcək.
Komandanın baş məşqçisi Vüqar Nadirov Offsideplus.az-a açıqlamasında əsas məqsədlərindən danışdı:
"Məlum olduğu kimi, yeni "futbol ilindən" fəaliyyətimizə bölgədə davam edəcəyik. Hazırlıqlarımız davam edir. Çempionat başlayana qədər "Quba Arena"nın ot örtüyü ideal formaya salınacaq. 5 illik müqavilə imzalamışıq. Qubada uzun illər idi ki, futbol yox idi. Hiss edirdik ki, insanlar darıxır. Ətraf bölgələrin də sözügedən idman növünə marağı böyükdür. Məqsədimiz futbolu daha da inkişaf etdirməkdir. Bir xətt üzrə fəaliyyət göstərməyəcəyik. Uşaq futbolu da diqqətimizdə olacaq".
Mütəxəssis yeni mövsüm üçün hədəflərini də açıqladı:
"Hazırlıqlarımız davam edir. İyulun 15-i və 16-də seleksiya məşqlərimiz olacaq. 80-ə yaxın futbolçu baxışdan keçəcək. Seçimlərdən sonra, 25-dək məşqlərə start verəcəyik. İddiamız yüksək pillələr uğrunda mübarizə aparmaqdır".