"Neftçi" İdman Klubunun güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında böyük uğura imza atıblar.

Offsideplus.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi təmsil edən klubun üzvləri ümumilikdə 10 medal qazanıblar. Onlardan Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (82 kq) və Giorgi Meşvildişvili (125 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.

Gümüş medalları komandanın aktivinə Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) yazdırıblar. Daha 5 bürünc mükafatı isə Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) qazanıblar.

Xatırladaq ki, Azərbaycan güləşçiləri bu Avropa çempionatını ümumilikdə 13 (5 qızıl, 2 gümüş, 6 bürünc) medalla başa vurublar ki, bu medalların mütləq əksəriyyəti məhz "Neftçi" klubunun təmsilçilərinin payına düşüb.