Braziliyanın Fos-du-İquasu şəhərində təşkil olunan boks üzrə Dünya Kubokunda finalçıların adları bəlli olub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının üç üzvü yarımfinal səddini uğurla adlayaraq həlledici döyüşlərə vəsiqə qazanıb.
Sübhan Məmmədov (50 kq) qırğızıstanlı rəqibi Anvarjan Xodjiyevi 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. O, qızıl medal uğrunda Mərakeş təmsilçisi İssam Bensayarla üz-üzə gələcək.
Səidcəmşid Cəfərov (75 kq) italiyalı Qabriel Quidi Rontani üzərində darmadağınla (5:0) qələbə qazanaraq adını finala yazdırıb. Onun rəqibi yerli boksçu Tauan Silva olacaq.
Super ağır çəkidə (+90 kq) mübarizə aparan Məhəmməd Abdullayev norveçli Omar Şinaya heç bir şans verməyərək (5:0) finala çıxıb. Məhəmməd həlledici qarşılaşmada Ermənistan idmançısı Davit Çaloyanla döyüşəcək.
Nəbi İsgəndərov (70 kq) isə yarımfinalda braziliyalı Kaian Reisiyə uduzaraq yarışı bürünc medalla başa vurub.
Dünya Kubokuna bu gün, aprelin 26-da keçiriləcək final döyüşləri ilə yekun vurulacaq.


