Bu gün Albaniyanın paytaxtı Tiranada təşkil olunan güləş üzrə Avropa çempionatının son günüdür.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın 5 sərbəst güləşçisi bu gün xalça üzərinə çıxacaq.
Onlardan dördü qızıl, biri isə bürünc medal uğrunda güləşəcək.
Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanovla (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevlə (UWW), Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevlə (Macarıstan) üz-üzə gələcək.
Nurəddin Novruz (61 kq) üçüncü yer uğrunda qarşılaşmada Arsen Arutyunyanla (Ermənistan) münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, sərbəst güləşdə artıq İslam Bazarqanov qızıl, Cəbrayıl Hacıyev bürünc medal qazanıb.
Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci yeri tutub.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar.


