ABL-nin yarımfinalı üzrə ikinci oyunda "Gəncə"ni məğlubiyyətə uğradan "Sabah" finala vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, "Gəncə"nin baş məşqçisi Halil Atlı oyundan sonra matçı və cari mövsümü şərh edib:

 "Komandama mübarizəyə görə təşəkkür edirəm, yaxşı oynadılar. Oyunu qalib gələ biləcəyimiz nöqtələrə də gətirdik. Amma indi söyləmək istəmədiyim səbəblərdən dolayı nəticəni xeyrimizə dəyişə bilmədik. Ümumi mövsümə gəldikdə, basketbolçularımla qürur duyuram. Hər zaman yanımızda olan, dəstək verən rəhbərliyə təşəkkür edirəm. Mövsüm öncəsi çox az müddətdə hazırlıq keçməyimizə, bir çox texniki detalı irəlilədikcə yoluna qoyduğumuza baxmayaraq hər zaman komandamızı inkişaf etdirməyə çalışdıq.Bunun nəticəsini də mövsüm ərzində gördük. Azərbaycan Kubokunu ikinci dəfə qazandıq, çempionatda yarımfinala çıxdıq. Ona görə xoşbəxtəm. Amma onu da deyim ki, komandanın əldə etdiyi uğurlar basketbol ictimaiyyətindən kifayət qədər diqqət görmədi. Buna görə üzgünəm. Çempionatda yerli basketbolçulara ən çox oynamaq imkanı yaradan biz olduq. Mən bura ilk gəldiyimdə yerlilərə nə dəstək verə bilərəm deyə düşündüm. İki mövsümdə əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Bu gün gəldiyimiz nöqtədə içim rahatdır. Azarkeşlərə minnətdaram. Onların dəstəyinin qarşılığında nəticə vermək üçün səy göstərdik. Hər kəs haqqını halal etsin".