Azərbaycan güləşçilərinin Tiranadakı möhtəşəm çıxışı davam edir.

Offsideplus.az xəbər verir ki, Albaniyanın paytaxtında keçirilən Avropa çempionatında sərbəst güləş yığmamızın daha dörd üzvü finala vəsiqə qazanıb.

Giorgi Meşvildişvili (125 kq) türkiyəli rəqibi Hakan Büyükçınqılı 3:1 hesabı ilə üstələyərək həlledici mərhələyə adlayıb.

Ali Tsokayev (92 kq) İsveçrə təmsilçisi Samuel Şerrerə heç bir şans verməyərək 6:0 hesablı inamlı qələbə qazanıb.

Arseniy Djioyev (86 kq) latviyalı İvars Samusonok üzərində 12:2 hesablı darmadağınla tam üstünlük nümayiş etdirib.

Turan Bayramov (74 kq) isə gərgin keçən görüşdə gürcüstanlı Giorgi Elbakidzeni 2:1 hesabı ilə məğlub edərək adını finalçılar sırasına yazdırıb.

Nürəddin Novruzov (61 kq) yarımfinalda yerli azarkeşlərin dəstəyini alan dünya çempionu Zəlimxan Abakarova 3:14 hesabı ilə uduzub. Bununla belə, güləşçimiz turniri medalsız başa vurmaya bilər. O, sabah bürünc medal uğrunda xalçaya çıxacaq.