Braziliyanın Fos-du-İquasu şəhərində təşkil olunan Dünya Kubokunda Azərbaycan boksçuları inamlı çıxışlarını davam etdirirlər.

Offsideplus.az xəbər verir ki, millimizin 4 üzvü adını yarımfinala yazdıraraq, ən azı bürünc medalı özünə təmin edib.

50 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Mamedov ermənistanlı Rudolf Qarboyanla qarşılaşmada qalib elan olunub. Rəqibi zədə səbəbindən döyüşü davam etdirə bilmədiyi üçün boksçumuz növbəti mərhələyə yüksəlib. O, yarımfinalda Anvarjan Xodjiyevlə (Qırğızıstan) qarşılaşacaq.

Nəbi İsgəndərov (70 kq) turnirdə ardıcıl üçüncü qələbəsini qazanıb. O, 1/4 finalda qazaxıstanlı Farux Toxtassunovu (3:2) üstələyərək yarımfinala adlayıb və burada braziliyalı Kaian Reisi ilə döyüşəcək.

Səidcəmşid Cəfərov (75 kq) digər qazaxıstanlı boksçu Sanjar-Ali Beqaliyevi 4:1 hesabı ilə məğlub edərək finalın bir addımlığına gəlib. Onun növbəti rəqibi İtaliya təmsilçisi Qabriel Quidi Rontani olacaq.

Ağır çəkidə (+90 kq) çıxış edən Məhəmməd Abdullayev xorvatiyalı Luka Pratljaçiçə heç bir şans verməyib. Bütün raundları aktivinə yazan boksçumuz 5:0 hesablı parlaq qələbə ilə yarımfinala yüksəlib və norveçli Omar Şina ilə üz-üzə gələcək.

Qeyd edək ki, Dünya Kuboku aprelin 26-da başa çatacaq.