Bir neçə gün əvvəl mətbuatda "Mingəçevir" klubunun maliyyə sıxıntılarından dolayı dağılacağı iddia olunurdu. Məsələnin detallarını öyrənmək üçün "şəhərlilər"in İdarə Heyətinin sədri Nurlan Əhmədovla əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında problemləri dilə gətirdi:

"Yayılan iddiaların əsası yoxdur. Bu fikirlər hardan yaranır, anlaya bilmirəm. Komanda fəaliyyətini davam etdirir, iyulun 22-dən sonra futbolçular toplanacaq. Məşqlərimiz öz qaydasında keçiriləcək. Düzdür, maliyyə baxımından müəyyən çətinliklərimiz oldu. AFFA-dan ayrılacaq məbləğ tam məlum olmadığı üçün işlərimizdə bəzi yubanmalar olur. Sponsor baxımından da irəliləyiş əldə edə bilməmişik. Sadəcə, planlarımızı qurumun ayrıdığı məbləğlə quracağıq. Gözləyirdik ki, komandalara vergi məsələlərində güzəştlər edilsin. Düşünürdük ki, AFFA bu məbləği dəstək məqsədi ilə qarşılayar. Lakin bütün hallarda işimizə davam edəcəyik".

Xatırladaq ki, komanda geridə qalan mövsümdə I Liqanı 7-ci tamamlayıb.