AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan I Liqasının XXI turunda baş verən qayda pozuntuları müzakirə olunub və bir neçə klub maliyyə sanksiyalarına məruz qalıb.

Offsideplus.az xəbər verir ki, ən böyük cərimə ilə "Səbail" klubu üzləşib. "Şəfa" ilə keçirilən görüşdə "dənizçilər"in dörd futbolçusunun sarı vərəqə alması kluba 210 manata başa gəlib.

Lakin komandanın əsas maliyyə itkisi texniki heyətlə bağlı olub. Belə ki, klubun tərcüməçisi Fariz İsmayılov qeyri-etik davranışına görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 3 oyunluq cəzalanıb, klub isə bu səbəbdən 2400 manat cərimə edilib. Ümumilikdə "Səbail"in büdcəsindən 2610 manat çıxacaq.

"Şahdağ Qusar" klubu da intizam sanksiyalarından kənarda qalmayıb. "Difai" ilə matçın 77-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan Kvaku Adjey komandasını bir oyunluq köməksiz qoyub. Bu qayda pozuntusuna görə Qusar təmsilçisi 150 manat cərimə ödəməli olacaq.