Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) 2020-ci ilin ən yaxşı idmançılarının siyahısını açıqlayıb.
Offsideplus.az AIPS-in rəsmi saytına istinadən xəbər verir ki, "Bavariya"nın futbolçusu Robert Levandovski ilin ən yaxşısı seçilib. Seçicilərin 16,3 faizi polşalı hücumçuya səs verib.
İkinci yerə "Formula 1" üzrə yeddiqat dünya çempionu Lüis Hemilton (14,3 faiz) layiq görülüb. İlk "3-lüy"ü 9,9 faizlik göstərici ilə ispaniyalı tennisçi Rafael Nadal tamamlayıb.
İlin ən yaxşı qadın idmançısı mükafatını yaponiyalı tennisçi Naomi Osaka qazanıb. 23 yaşlı idmançı 13,85 faiz səs toplayıb. O, sıralamada üç təkanla tullanma idman növü üzrə dünya rekordçusu Yulimar Roxas və tennisçi Serena Uilyamsı geridə qoyub.
"Bavariya" (34,6 faiz) 2020-ci ilin komandası seçilib. İkinci pilləni İngiltərənin "Liverpul" (19,8 faiz) klubu, üçüncü sıranı isə ABŞ-ın "Los-Anceles Leykers" (17,3 faiz) basketbol komandası tutub.