“Biz bu gün bütün idmançılardan qızıl medal gözləmirik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev deyib.
O, Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatı haqqında danışıb:
“Bu yaş dövrü inkişaf və formalaşma mərhələsidir. Bizim üçün ən vacib olan idmançılarımızın döyüşkən ruhu, möhkəm psixologiyası, sona qədər mübarizə aparması və məşqçilərinin tapşırıqlarını düzgün yerinə yetirməsidir.
Bu, dövlətimizin idmana göstərdiyi qayğının, eləcə də Azərbaycanın beynəlxalq yarışların təşkilində qazandığı yüksək nüfuzun göstəricisidir. Məhz buna görə də hər kəs Azərbaycana gəlmək, Bakını görmək və burada keçiriləcək güləş bayramının bir parçası olmaq istəyir”.
O, yarışda Azərbaycanı təmsil edəcək idmançılara səslənib:
“Biz yalnız nəticəni deyil, hər birinizin psixoloji durumunu, sağlamlığını və yarışa hazırlıq vəziyyətini də düşünürük. Siz Azərbaycan güləşi ailəsinin ayrılmaz üzvlərisiniz. Doğma divarlar arasında mübarizə aparmaq həm böyük üstünlük, həm də böyük məsuliyyətdir. Valideynləriniz, yaxınlarınız və dostlarınız sizi tribunadan izləyəcəklər. Bunun müəyyən psixoloji təzyiq yarada biləcəyini də anlayırıq. Məşqçilərdən xahişim odur ki, bu məsələdə idmançılarla daha yaxından işləsinlər”.
Qeyd edək ki, dünya çempionatı 27 iyul – 2 avqust aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.
Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.


