Azərbaycanın çimərlik güləşçiləri Gürcüstanın Batumi şəhərində keçiriləcək Dünya Seriyasının III mərhələsində qüvvəsini sınayacaq.
Offsideplus.az xəbər verir ki, böyüklər arasındakı turnirdə ölkəmizi 6 idmançı təmsil edəcək. Millinin baş məşqçisi Oyan Nəzərianinin rəhbərliyi altında qum üzərinə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) çıxacaq.
Yarışın ilk günündə təsnifat mərhələsi və qruplarda ilk iki turun oyunları keçiriləcək. İkinci yarış günündə isə qrup mərhələsinin son qarşılaşmaları, yarımfinallar və medal görüşləri baş tutacaq.
Qeyd edək ki, iyunun 20-21-də təşkil olunacaq Dünya Seriyasında ölkəmizi hakim kimi I-S dərəcəli referi Bəşir İsazadə təmsil edəcək.


