Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamız 6 medalla yadda qalıb. Yarışın qızıl medalçısı Əli Cavadlı (45 kq) qitə birinciliyi barədə təəssüratlarını bölüşüb.
Offsideplus.az gənc pəhləvanın fikirlərini təqdim edir:
"Çempion olduğum üçün çox xoşbəxtəm. Yarış mənim üçün uğurlu keçdi. İlk mərhələdə bolqarıstanlı rəqibimə 8:0 hesabı ilə qalib gəldim. Ardınca 1/4 finalda Ermənistan, yarımfinalda isə Gürcüstan təmsilçilərini mübarizədən kənarlaşdırdım. Finalda Rusiya güləşçisi ilə görüşdə hücum taktikasına üstünlük verdim. Görüşün əvvəlindən təşəbbüsü ələ alaraq, parter vəziyyətində topladığım xallarla 9:1 hesablı qələbə qazandım".
Qələbəsini atasına və şəxsi məşqçisi Şamxal Ağamalıyevə həsr etdiyini deyən Əli gələcək planlarından da söz açıb:
"İndi əsas hədəfim Bakıda təşkil olunacaq dünya çempionatında eyni uğuru təkrarlayıb, fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqdır".


