Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında bürünc medal qazanan İslam Abbasov (87 kq) qitə birinciliyi barədə təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, turnirin çox rəqabətcil keçdiyini bildirib:

“Bu, olduqca çətin bir yoldur. Bildiyiniz kimi, yunan-Roma güləşi Avropa ölkələrində yüksək səviyyədə inkişaf edib. Məhz bu səbəbdən çempionat çox rəqabətli və gərgin keçir. Hazırlıq müddətində mənə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Hər il Avropa və dünya çempionatlarında qazanılan nəticələr illik hazırlığın göstəricisidir. Məqsədim çempionluq idi, lakin bəzi çatışmayan cəhətlər mane oldu. Çalışacağıq ki, növbəti yarışlarda bu səhvləri aradan qaldıraq. Formamızı tam bərpa edib, gələcək turnirlərə daha yaxşı hazırlaşacağıq”.