"Beşiktaş" Alexandro Qrimaldo ilə razılıq əldə etsə də, transferi rəsmiləşdirmək üçün hələ "Bayer"i razı salmalıdır.

Offsideplus.az xəbər verir ki, "Beşiktaş" rəhbərliyi bu məsələdə bu yaxınlarda həlledici addım atıb. Klubun idman direktoru ispaniyalı cinah müdafiəçisi ilə şam yeməyində bir araya gəlib və bu görüş şəxsi müqavilə şərtləri üzrə tam razılıqla nəticələnib.

Təklif olunan idman layihəsi və komandadakı aparıcı rolu Qrimaldonu cəlb edib və o, artıq İstanbula gəlməyə hazırdır. Sol cinahını təcrübəli və hücummeyilli oyunçu ilə gücləndirmək istəyən "qara qartallar" üçün bu, kifayət qədər ciddi bir siqnaldır. İndi qarşıda duran son maneə "Bayer"lə ortaq məxrəcə gəlməkdir. Alman klubu oyunçusunun dəyərini bildiyi üçün əsas simalarından birini ucuz qiymətə buraxmaq niyyətində deyil. Yaxın günlərdə aparılacaq danışıqlar bu transfer üçün həlledici olacaq.

Top artıq Leverkuzen tərəfindədir. Almanlar 2027-ci ilin iyununa qədər müqaviləsi olan ispaniyalı üçün ən azı 20 milyon avro tələb edirlər.