Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə bürünc medal qazanan Rəşad Məmmədov (55 kq) çıxışını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, mükafatçılar sırasına düşən güləşçimiz əsas hədəfinin çempionluq olduğunu, lakin medalsız qayıtmadığı üçün də sevindiyini bildirib:
“İki il əvvəl qitə birinciliyində gümüş medal qazanmışdım. Bu il isə məqsədim qızıl idi. Arzuladığım nəticə qismət olmasa da, vətənə əliboş dönmürük. Qarşıda hələ çox yarışlarımız var. Emin Səfərşayevlə yenidən qarşılaşacağımızı düşünürəm və inanıram ki, növbəti dəfə eyni məğlubiyyət təkrarlanmayacaq. Komanda yoldaşım Eldəniz Əzizlinin burada olması mənim üçün böyük motivasiya oldu. O, bütün görüşlərimdə mənə dəyərli məsləhətləri ilə dəstək verdi”.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da yekunlaşacaq.


