Azərbaycan Güləş Federasiyası (AGF) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadın güləşi üzrə milli komandamızın aparıcı üzvü Jalə Əliyevaya həsr olunmuş videoçarx təqdim edib.

Offsideplus.az xəbər verir ki,U23 dünya və Avropa çempionu olan 25 yaşlı idmançı çarxda idman yolunun başlanğıcından, qarşılaşdığı maneələrdən və gələcək planlarından bəhs edib.

Güləşə 2009-cu ildə Gəncə şəhərində başladığını deyən Jalə, anasının əvvəlcə buna etiraz etdiyini bildirib. O, yalnız ad günündə xahiş etdikdən sonra anasının razılığını ala bilib. Məşqlərə başladığı ilk vaxtlarda zalda yalnız oğlanların olması onu həyəcanlandırsa da, çempion olmaq arzusu bu çətinliyi arxa plana keçirib.

Karyerasında çətin dövrlərin də olduğunu qeyd edən güləşçi, 2016-cı ildəki gümüş medaldan sonra bir müddət uğursuzluq yaşadığını və idmandan uzaqlaşmağı düşündüyünü etiraf edib. Lakin məşqçisi Həsrət Məmmədyarovun dəstəyi ilə o, yenidən böyük idmana qayıdıb.

2022-ci ildə qazanılan U23 Avropa çempionluğu Jalə üçün yeni motivasiya mənbəyi olub. 2024-cü ildə isə o, həm dünya çempionu tituluna sahib çıxıb, həm də Bakıda keçirilən Avropa çempionatında qızıl medal qazanıb. İdmançı xüsusilə Bakıdakı qələbəsində anasının tribunada olmasının ona böyük güc verdiyini vurğulayıb.

Cari uğurları ilə kifayətlənməyən J.Əliyevanın əsas məqsədi böyüklər arasında dünya, Avropa və Olimpiya çempionu olmaqdır. O, həmçinin gənc qızlara örnək olmağı və Azərbaycan qadın güləşinin tarixində silinməz iz qoymağı hədəfləyir:

"Xalça üzərinə çıxanda təkcə özüm üçün yox, xalqım və vətənim üçün mübarizə aparıram. Hər bir qadın öz ayaqları üzərində durmağı və gələcəyini qurmağı bacarmalıdır".