Dünya futbolunun əfsanəsi Ronaldinyo Paraqvayda keçirdiyi həbs günləri ilə bağlı maraqlı etiraflar edib.
Offsideplus.az xəbər verir ki, təhlükəsizlik qayğıları ilə həbsxanaya daxil olan ulduz futbolçu, gözlədiyinin tam əksi olan bir mənzərə ilə qarşılaşdığını bildirib.
Həbsxanaya ilk girdiyi anlardakı qorxusunu gizlətməyən Ronaldinyo, yaşadıqlarını bu sözlərlə ifadə edib:
"Mənə hücum edəcəklərini və pis şeylərin yaşanacağını düşünürdüm. Amma tam tərsi oldu; futbol matçları təşkil etdilər və məndən bir neçə hərəkət göstərməyimi istədilər."
Keçmiş ulduz həbsxanadakı ilk gününün səhərisi baş tutan maraqlı qarşılaşmadan da bəhs edib:
Növbəti günün səhəri həm məhbusların, həm də həbsxana işçilərinin marağına səbəb olan 5-in 5-ə futbol matçı keçirilib.
Oyunu təkcə məhbuslar deyil, həm də mühafizəçilər və digər vəzifəli şəxslər böyük maraqla izləyiblər.
Ronaldinyo həmin günü "hər kəs üçün gözəl bir gün" kimi xatırlayır.
Karyerası ərzində "Barselona", "Milan" və "Paris Sen-Jermen" kimi nəhəng klubların formasını geyinmiş ulduz futbolçu orada keçirdiyi zamanın ümumilikdə yaxşı olduğunu vurğulayaraq həbsxana təcrübəsinə müsbət tərəfdən baxdığını qeyd edib.


