Ukraynanın "Aleksandriya" komandasında çıxış edən Emil Mustafayev Azərbaycan millisini seçməsindən danışıb.

Offsideplus.az "fanday.net" saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumameylli yarımmüdafiəçi Azərbaycana görə Ukrayna millisində oynamaqdan imtina edib.

Gənc vinger ötən ilin qışında Ukrayna Futbol Assosiasiyasından (UAF) təklif alsa da, bunu qəbul etmədiyini açıqlayıb:

"Ukrayna millisinə təklif var idi. Lakin imtina etdim, çünki bu təşəbbüsü daha əvvəl AFFA göstərib. Razılaşdıq ki, Azərbaycan yığmasında oynayacağam. Ona görə də artıq gec idi. Bu, ötən ilin qışında olmuşdu. Həmin vaxt Bakıya uçmalı idim. UAF mənə zəng edib, gənclərdən ibarət milliyə çağırdılar. Artıq Azərbaycana söz vermişdim və buna sadiq qaldım".

Qeyd edək ki, E.Mustafayev "Aleksandriya"nın "Dnepr-1"ə qarşı Ukrayna Premyer Liqası matçında (2:2) dubla imza ataraq, komandanı məğlubiyyətdən xilas edib. 

Xatırladaq ki, Emil Mustafayev 2021-ci ilin noyabrından Azərbaycanın U-21 yığmasında çıxış edir.