Misli Premyer Liqasının 25-ci turu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, bu, onun yetirmələrinin “Sabah”a 0:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib. 52 yaşlı mütəxəssis ölkə çempionatlarında baş məşqçi kimi 200-cü matçını keçirib. O, Premyer Liqada 2013/14 mövsümündə AZAL-ın sükanı arxasında debüt edib. Əhmədov sonradan “Neftçi” və “Keşlə”ni də çalışdırıb. O, cari mövsümün gedişində “Kəpəz”in baş məşqçisi təyin olunub. Premyer Liqada 10-cü mövsümünü keçirən mütəxəssisin komandaları ümumilikdə 61 qələbə qazanıb, 51 heç-heçə edib və 88 dəfə uduzub. O, Premyer Liqanın tarixinə ən azı 200 matç keçirən 10-cu baş məşqçi kimi düşüb.
Qeyd edək ki, Əhmədovun Premyer Liqadakı debütü 2014-cü il martın 23-də gerçəkləşib. Həmin matçda AZAL evdə “Bakı”ya uduzub – 1:2.