“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Macarıstanın “MTK Budapeşt” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis minimal hesablı qalib gəldikləri oyundan sonra bunları deyib:
“Bu gün hər şey qaydasındadır. Artıq zədəlilərimiz də qayıdıb, yeni futbolçular da komandaya cəlb olunurlar. İki gün əvvəl hücumçu axtarışında idik. O hücumçu da artıq bizə qoşulub. Hər halda növbəti yoxlama matçında onu meydanda görəcəyik. Artıq müqavilənin şərtlərində razılaşmışıq. Ümumilikdə hər şey normaldır, hazırlığımız gedir. Antalyaya gəlməzdən əvvəl necə plan qurmuşduqsa, işimiz elə o plan üzrə davam edir.
Artıq ilk yoxlama matçımızı keçirdik. Qarşıda 2 yoxlama oyunu qalıb. 1 həftəlik yükləmədən sonra bəzi nüanslar var ki, bugünkü oyunda məni sevindirdi. Amma bəzi şeylər də var ki, hələ də mənim üçün həyəcan təbili çalır. Lakin ümumilikdə işimiz normal, öz qaydasında gedir”.
Əhmədov mövsümün ilk hissəsində buraxdıqları səhvləri təkrarlamamaq üçün çox çalışdıqlarını söyləyib: “Mövsüm ərzində buraxdığımız qollar var idi. Qalib gəldiyimiz oyunlar olurdu ki, son dəqiqələrdə konsentrasiyanı, topa nəzarəti itirirdik. Biz artıq burada belə şeylərin üzərində çox çalışırıq. Nəzəri məşqlərdə də bunun üçün işləyirik. Bilirsiniz ki, 2 yerli futbolçu transfer etmişik: Abdulla Rzayev və İdris İnqilablı. Yeni gələn braziliyalı Junior da yaxşı hücumçudur. Onların komandaya uyğunlaşması məsələləri var idi. Biz çalışırdıq ki, ümumiyyətlə, komanda komplektləşsin. Çempionatda xallarımız bəlkə də 20-dən çox olmalı idi. Buraxdığımız səhvlərə görə olmadı. Biz də bunun üzərində işləyirik ki, çempionatın 2-ci hissəsində həmin səhvlər baş verməsin.
Mən çox vaxt baxışa futbolçu çağırmıram. Çünki bu, həm zaman itkisidir, həm də futbolçu bəzən peşəkar cəhətdən deyir ki, oyunda zədə ala bilərəm. Ona görə də biz futbolçunu uzun müddət seçirik, son oyunlarına baxırıq. Ona görə də bizdə baxışda futbolçu yoxdur. Gələnlərin hamısı da müqavilə şərtləri ilə gələn oyunçulardır. Abdulla Rzayev U-21 millimizin əsas üzvüdür. İdris İnqilablı da artıq peşəkar futbolda bir balaca öz sözünü demiş futbolçudur. Junior braziliyalıdır. Hər halda bizə uyğundur. Uzun müddət izləmişik. Məndən əvvəl o, yayda bu komandada baxışda olub. Sadəcə hansısa problem yaranıb, gedib. Bu gün isə gəlib. O, bizi qane edir. Digər yeni transfer Salif Sissedir. Seneqal əsilli fransa vətəndaşıdır. Salifdən başqa bütün yeni futbolçuların komandaya uyğunlaşması normal gedir. Salif 2 gündür ki, gəlib. Onun üçün uyğunlaşma prosesi hələ bir az çətindir”.