"Hər halda böyük hesablı məğlubiyyət, ümumiyyətlə məğlubiyyət xoş deyil. Futbolda baş verə biləcəklərdən sığortalanmamışıq. Böyük hesablı məğlubiyyət də qəbuledilməzdir".
Offsideplus.az xəbər verir ki, bunu "Kəpəz" klubunun baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 9-cu turunda bu gün "Sabah"la keçirilən səfər oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis 0:5 hesablı məğlubiyyəti belə şərh edib: "Komanda oyuna pis başlamadı. Rəqibin səviyyəsi və bizim komandanın da tam oyun fəlsəfəsinə uyğunlaşmaması matçın gedişatında planların pozulması ilə nəticələndi. Giorgi Kantariyanın meydanda olmaması orta xəttdə bizim üçün böyük problem yaratdı. Komandanın 3 oyun yaxşı oynayıb, 1 oyun zəif oynaması təsadüf deyil. Görüləcək işimiz var. Futbolçular bu gün həddindən artıq əziyyət çəkdilər, güc sərf etdilər. Buna baxmayaraq fərdi səhvlərdən buraxdığımız qollar komandanı məğlubiyyətə apardı. Düşünürəm ki, bu məğlubiyyətin səbəbkarı mənəm. Futbolçunun burada günahı yoxdur. Həyat davam edir, qarşıda hələ oyunlarımız var. Bu oyunu analiz edib buraxdığımız səhvləri minimuma endirməliyik. Qarşıda "Neftçi" ilə görüşümüz var. Komanda toparlanmalıdır. Yenə deyirəm, məğlubiyyət xoş deyil. Görəcəyimiz iş həddindən artıq çoxdur".