"Qarabağ"ın futbolçusu Qara Qarayev "Neftçi"yə 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi əvvəlcə "ağ-qaralar"la baş tutan oyun barədə fikirlərini bildirib:
"Bu cür atmosferdə "Neftçi"yə qarşı oynamaq xoş idi. Bizimlə oyuna xüsusi hazırlaşırlar. Çox maraqlı oyun oldu. İlk hissədə rəqibə imkan vermədik. Özümüz 4 real qol imkanı yaratdıq, amma istifadə edə bilmədik. Fasilədən sonra da eyni ssenari ilə davam etdik, "Neftçi"nin ön xəttini "bağlaya" bildik. İkinci yarıda da fürsətlərimiz çox oldu. Ən əsası odur ki, istifadə edib vacib qələbə qazandıq. Növbəti oyunlara daha ciddi olmalıyıq. Rəqiblər "Neftçi"yə qalib gəldiyimizi bilərək, bizə qarşı daha çox motivasiyalı olacaq. "Neftçi" revanş almaq üçün əlindən gələn bütün imkanları istifadə edəcək. Çempionat hələ indi başlayır. Bu gün mənim üçün xoş gün idi. "Neftçi"yə qarşı belə oyunlardan ötrü darıxmışdım. Belə oyunların, rəqabətlərin sayı çox olsa, tez inkişaf edərik".
Q.Qarayev matç zamanı futbolçular arasında yaranan gərginlik məsələsinə toxunub: "Normaldır, inkişaf etmək istəyiriksə, mütləq rəqabət olmalıdı. Emin Mahmudovla Marko Veşoviç, Şahruddin Məhəmmədəliyevlə Voyislav Stankoviç, Eddi İsrafilovla Filip Ozobiç oyun bitən kimi əl verib görüşdülər. Bu, həm "Neftçi", həm "Qarabağ"a yaraşan jest idi".