“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 26-cı turunda "Keşlə" oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:
- Yaxşı oyun alındı. Oyunumuzu bir az da inkişaf etdirməliyik. Əldə etdiyimiz qol fürsətlərini dəyərləndirməliyik. Xüsusilə, ilk hissədə yaxşı imkanlarımız oldu. Bu cür fürsətlərdən yararlansaq, daha yaxşı nəticələr qazana bilərik. Ancaq dediyim kimi, bu matçı çempionatdakı ən yaxşı oyunlardan biri kimi dəyərləndirərdim.
- Bu gün rəqib sizin komandanın üzvlərinə qarşı bir qədər kobud oynayırdı. Siz də hakimlərə qarşı aqressiv görünürdünüz...
- Hakim nə qədər icazə verirsə, kobudluq da o qədər çox olur. Mən burda olduğum zaman hakimliklə bağlı əleyhimizə çox qərar olub. Futbolçularımın siması hələ də gözümün önündədir. Məsələn, Qay və digər futbolçular üzümə baxıb, sanki kömək istəyirdilər. Ancaq dediyim kimi, hakimliklə bağlı edəcək bir şey yoxdur.
- Ölkə kubokunun finalında üz-üzə gələcəyiniz rəqiblə qarşılaşmada bütün kartlarınızı açdınız?
- Bu gün yaxşı oynadıq. Son vaxtlar komandamız kifayət qədər yaxşı oynayır. Bu matça çıxanda, kubok oyunu barədə düşünməmişdik. Kuboka kimi hər iki komandanın iki matçı var. Öz oyunumuzu inkişaf etdirməyə çalışırıq. Bu gün də, sadəcə, öz oyunumuza köklənmişdik.
Nuh Tarverdiyev - Qəbələ