Sabah, 21:00-da Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər - Azərbaycan beynəlxalq yoldşlıq oyunu öncəsi milli komandamızın üzvləri Amil Yunanov, Şəhriyar Əliyev, Xəyal Nəcəfov, Toral BayramovAnatoli Nuriyev AFFA-nın rəsmi saytına açıqlama veriblər.

Offsideplus.az futbolçuların fikirlərini sizə təqdim edir:

Şəhriyar Əliyev: “Hər oyuna necə hazırlaşırıqsa, Qətər millisi ilə oyuna da elə hazırlaşırıq. Rəqibin oyununu izləmişik. Baş məşqçi necə oynamaq lazım olduğunu bizə izah edib. Sabahkı oyunda ən yaxşı oyunumuzu oynayıb nəticə qazanmaq istəyirik. Bu oyun həm də digər futbolçuların oynamaları, təcrübə qazanmaları baxımından yaxşı fürsətdir.

Millidə hər mövqedə ciddi rəqabət var. Bu rəqabət müdafiə xəttində xüsusillə fərqlənir. Təbii ki, rəqabət olan yerdə inkişaf olur. Milli komandada oynamaq şərəfdir. Baş məşqçi şans verəcəyi təqdirdə özümü sübut edib əsas heyətin üzvü olmağa çalışacağam”.

Amil Yunanov: “Yoldaşlıq oyunu olmasına baxmayaraq, oyuna ciddi yanaşırıq. Qətər yığması yaxşı komandadır. Məşqlərdə əsasən taktiki çalışmalara üstünlük veririk. Əsas çatışmazlığımız yaratdığımız imkanlardan yetərincə istifadə edə bilməməyimizdir. Baş məşqçi hücumda nə etməli olduğumuzu deyir. Bir hücumçu kimi həm taktiki, həm də fiziki cəhətdən hazır olmağa çalışıram ki, əsas heyətdə yer ala bilim. Amma etiraf etmək lazımdır ki, hücum xəttində yer alan Mahir Emreli, Əli Qurbani, Ramil Şeydayev kimi futbolçularla rəqabət aparmaq elə də asan deyil. Ona görə istər oyunlarda, istərsə də məşqlərdə maksimum çalışmaq lazımdır ki, rəqabətə tab gətirə biləsən. Oynamaq imkanı əldə edərəmsə, özümü sübut etməyə çalışacağam”.

Xəyal Nəcəfov: “Bu oyunda hər şey özümüzdən asılıdır. Kollektiv şəkildə təşkilatlansaq, mübarizə aparsaq, nəticə qazanacağıq. Baş məşqçi məşqlərdə hər bir futbolçuya xüsusi diqqət yetirir. Kim daha hazır vəziyyətdədirsə, ona da şans verir. Biz futbolçular da əsas heyətdə yer almaq üçün məşqlərdə səylə çalışırıq. Artıq Millətlər Liqasında Monteneqro yığması ilə oyunda millinin heyətində debüt etmişəm. Təbii ki, bununla kifayətlənmək olmaz. Əsas heyətdə yer almaq üçün əlimdən gələni edirəm”.

Toral Bayramov: “Milli komandaya dəvət almaq, formasını geyinmək hər bir futbolçunun arzusudur. Mən aşağı yaş qrupu üzrə millilərdə də oynamışam. O yığmalarda ab-hava tam fərqli idi. Hamısı öz yaş qrupumuza aid, birlikdə futbol oynadığımız uşaqlar idi, hamı biri-birini tanıyırdı, bir qədər sərbəstlik vardı. Əsas millidə isə vəziyyət tam fərqlidir. Hətta ilk günlər A millidə necə qarşılanacağımı, məni nələrin gözlədiyini bilmirdim. Əsas millidə hamı məni çox pozitiv qarşıladı. Sanki daha əvvəllər birlikdə oynamışıq. Bizim kimi gənc oyunçulara fürsət verdiyi üçün Canni De Byaziyə təşəkkürümü bildirirəm. Debüt edəcəyim oyunu səbrsizliklə gözləyirəm. Həyəcanlı olduğumu deyə bilmərəm, ümumiyyətlə, hansısa oyunda həyəcan keçirdiyimi xatırlamıram”.

Anatoli Nuriyev: “Çox şadam ki, Azərbaycan milli komandasının düşərgəsindəyəm və qısa müddət ərzində mənə millinin heyətində debüt etmək də qismət oldu. Azərbaycan mənim əcdadlarımın vətənidir. Atamın babası və babam Azərbaycanda anadan olub, bu ölkədə yaşayıblar və babam sonradan Ukraynaya köçüb.

Hələ birinci liqada çıxış etdiyim dövrdə millidə çıxış etməklə bağlı mənimlə əlaqə saxlanılmışdı. Türkiyədə təlim-məşq toplanışında olduğum dövrdə millinin baş məşqçisinin oyunumu izləməyə gəlməsi qərar verməyimdə əhəmiyyətli rol oynadı. Millimizə faydalı ola biləcəyimə ümid edirəm.

Əlbəttə, ilk növbədə millinin heyətində öz yerimi möhkəmləndirməliyəm. Buna nail olacağım təqdirdə daha çox çalışmaq və komandanın aparıcı üzvlərindən birinə çevrilmək barədə düşünmək olar.

Qarşıda daha iki oyunumuz var. Hər iki qarşılaşmaya ciddi hazırlaşmalı və uğurlu nəticə qazanmalıyıq. Ümidvaram ki, məqsədimizə çata biləcəyik”.