"Məqsədim daha çox qol vurmaq və "Neftçi"nin bu mövsümdəki əsas hədəfinə çatmağa yardım etməkdir".
Offsideplus.az xəbər verir ki, bu sözləri "ağ-qaralar"ın konqolu futbolçusu Prins İbara saytımıza eksklüziv müsahibəsi zamanı deyib. "Neftçi"nin bu mövsümkü hədəfinə çatmağa yardım etmək istədiyini deyən İbara, özünü Premyer Liqa bombardirləri arasında görmək istəyir.
24 yaşlı hücumçu ilə müsahibəni təqdim edirik:
- Bakıya çatanda Azərbaycan çempionatı barədə təəssüratların nə oldu?
- Azərbaycana gələndən və çempionatda debüt edəndən sonra futbol səviyyəsinin yaxşı olduğunu gördüm. Gəlməmişdən əvvəl eşitdiklərimi nəzərə alsaq, hər halda səviyyə yaxşıdır.
- "Neftçi" klubu barədə nə düşünürsən, sənə yaxşı davrandılar?
- Bəli, gələrkən xoş qarşılandım, bu həqiqətən əla idi. Məncə, "Nefçti" yaxşı klubdur və rəhbərlik oyunçuların rahatlığı üçün hər şeyi edir.

- Pandemiya səbəbindən azarkeşlər qarşısında çıxış etmək imkanın olmadı. Boş stadionda oynamaq necə his etdirir?
- Pandemiyanın futbolda bir çox şeyi dəyişməsi və tərəfdarlara təsir etməsinə təəssüf edirəm. Bu heç də xoş deyil, çünki azarkeşlərin təzyiqi və təşviqi bizə güc verir. Əlbəttə, ümid edirəm ki, bu çətinlikləri aşacaq və onları yenidən stdionlarda görə biləcəyik.
- "Qarabağ" ardıcıl 7 dəfə çempionatın qalibi olub, səncə, bu dəfə "Neftçi" uda biləcək?
- Əlbəttə, inanıram ki, qalib gələ bilərik. Hələ də yarışın içindəyik və mövsümü ilk pillədə bitirmək üçün savaşacağımız oyunlar var.
- Azərbaycan Premyer Liqasına öyrəşməkdə nə kimi çətinliklərin oldu?
- Bunlar normal çətinliklərdir. Əvvəllər olduğum, hər zaman qol vuran Prins İbara olmaq üçün formamı qaytarmağa çalışdım. İnanıram ki, bura ən yaxşı yerdir.
- Sənin qol vurmağına yardım etmək üçün komandanın nəyə ehtiyacı var?
- Komandamızda keyfiyyətli futbolçular var, mən də çalışıram ki, onları başa düşüm. Ətrafımda Namiq, Amir, Stiven, Keyn kimi oyunçular var. Birlikdə çalışanda və komanda kimi birləşəndə mənim işim daha da asanlaşır.

- Burada əsas hədəfin nədir?
- Məqsədim daha çox qol vurmaq və "Neftçi"nin bu mövsümdəki əsas hədəfinə çatmağa yardım etməkdir".
- Bakı şəhəri, insanları və mətbəxi barədə nə düşünürsən?
- Şəhər çox yaxşıdır. Buranı Qətərlə müqayisə edirəm, çünki bir orda yaşamışam və çox gözəl şəhərdir. Mətbəxi də pis deyil, öhdəsindən gəlirəm.



