"Klubumuzun fəaliyyətini tamamilə dayandıracağı ilə bağlı yayılan xəbərlər əsassızdır".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın direktoru Höccət Hacıyev deyib.

Sosial şəbəkələrdə yayılan söz-söhbətlərə görə, cənub klubu birdəfəlik qapadılacaq. Bu, XL-nın sahibi Mübariz Mənsimovun Türkiyədə həbsə alınmasıyla əlaqələndirilir.

İddialara görə, iş adamı başına gələnlərdən sonra futbol sferasından əlini çəkəcək, Lənkərandakı stadion və bazanı dəyər-dəyməzinə satmağa satacaq.

Yenə H.Hacıyevi dinləyək: "Xəzər Lənkəran" uşaq futbolunda qalmaqdadır. Üç komandamız ölkə çempionatında çıxış edir. Bazamızı daxili imkanlar hesabına saxlayırıq.

"Xəzər Lənkəran" niyə dağılmalıdır ki? Stadion da öz yerindədir, satılmır. Hər an hər şey ola bilər. İnanırıq ki, haqq yerini tapacaq və Mübariz müəllim azadlığa çıxacaq. Hamımız bunu istəyirik və səbirsizliklə o günü gözləyirik.

"Xəzər Lənkəran" hər an böyük futbola qayıda bilər. 2004-cü ildə Mübariz müəllimin klub yaradacağını da heç kim gözləmirdi. Ancaq o, gəldi və Azərbaycan futboluna yeni nəfəs verən klub yaratdı. Eyni hadisə yenə təkrarlana bilər".

Sportinfo.az