“Skarlatake sevdiyim insan və futbolçudur. Onu azarkeşlərimiz də çox sevir”.
Bu sözləri Offsideplus.az-a açıqlamasında “Xəzər Lənkəran”ın sabiq mətbuat katibi Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi medianın “Yıxılana balta vurmazlar” prinsipindən istifadə etmədiyini bildirib:
“Bu həssas dönəmdə təəssüf ki, hər kəs öz çıxarı üçün çalışır. Məsələn, 10 il hər ay klubdan 1000 manat reklam pulu alan sevimli “Futbol+” qəzeti Mübariz Mənsimovun Azərbaycan futbolu üçün gördüyü işdən yazmayıb. Ən azı bu gün boş qalmış Azərbaycan tribunasına baxıb, ötən günlərin dolu Lənkəran stadionunu, onun ölkədə qurduğu ilk baza, fan-şop, muzeyindən, dünya çapında futbol mütəxəssislərini ölkəmizə gətirməsindən danışmayıb. Skarlatakeni danışdırıb ki, illər öncənin məhkəmə işini dilə gətirsin. Biz azərbaycanlıyıq. Ən azı mən azərbaycanlıyam və " Yıxılana balta vurmazlar!" prinsipini gözəl bilirəm. Ayıbdır!
H. Cəbrayıloğlu rumınyalı futbolçunun borclarının bir hissəsinin ödənildiyini qeyd edib:
“Skarlatakenin şikayəti Azərbaycan məhkəmə instansiyalarını bir-bir, mərhələ ilə keçib. Ən sonda isə qərar olaraq ona borcunun bir qismi ödənilib. Klub fəaliyyətini 2016-cı ildə dayandırıb və rəhbər işçiləri həmin il sponsor şirkətin digər bir qurumuna transfer olunub. Ona görə də burada hansı isə sənəd dəyişməsi, yaxud məhkəmə orqanlarının işçiləri ilə iş birliyi haqqında fikirlər əslində hüquq müstəvisində Skarlatekinin özünə qarşı işlənə bilər”.