Argentina futbolunun canlı əfsanəsi Leo Messi yenidən bu formanı geyinəcək
Offsideplus.az xəbər verir ki, Argentina əfsanələrindən biri olan Karlos Tevezin "Son Rəqs" (The Last Dance) adlı rəsmi vida matçında Lionel Messinin də meydançaya çıxacağı təsdiqlənib. Möhtəşəm qarşılaşma 20 dekabr 2026-cı il, bazar günü Buenos-Ayresdəki məşhur "La Bombonera" stadionunda baş tutacaq.
Tevezin verdiyi məlumata görə, oyunda onun yaxın dostları və beynəlxalq komanda yoldaşlarından ibarət "Apache" komandası "Boka Xuniors"un əfsanələrindən ibarət heyətlə üz-üzə gələcək.
Tədbirə dəvət olunan və iştirakı gözlənilən ulduz futbolçuların siyahısında Messi ilə yanaşı bir sıra tanınmış simalar yer alır:
* Argentina və "Boka Xuniors" əfsanələri: Xuan Roman Rikelme, Serxio Aquero, Martin Palermo, Leandro Paredes və Qabriel Batistuta.
* Avropa klublarından keçmiş komanda yoldaşları: Canluici Buffon, Rio Ferdinand və Patris Evra.
Matçdan iki gün əvvəl Tevez dəvət olunmuş qonaqları uşaqlığının keçdiyi "Fuerte Apache" məhəlləsində qeyri-rəsmi dostluq görüşündə bir araya gətirməyi planlaşdırır.
Qeyd edək ki, Karlos Tevez "Mançester Yunayted"dəki keçmiş komanda yoldaşı Kriştianu Ronaldoya da dəvət göndərib. Lakin portuqaliyalı ulduzun həmin gün Səudiyyə Ərəbistanında "Əl-Nəsr"in heyətində rəsmi oyunu olduğu üçün vida matçında iştirakı sual altındadır.


