La Liqanın sabiq hakimi Eduardo İturralde Qonsales Joze Mourinyonun VAR qaydalarını yaxşı bilmədiyini deyib.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in baş məşqçisi daha əvvəl La Liqanın 10-cu turunda "Vilyarreal"a qarşı keçirilən oyunda hakimləri tənqid etmişdi: "Sizə yalnız oyunun ilk dəqiqəsinə baxmağı təklif edirəm. Bu kifayətdir". İturralde isə bildirib: "O deyir ki, anlayan üçün birinci dəqiqə kifayətdir. Ola bilsin, o, futboldan yaxşı baş çıxarır, amma qaydalardan az məlumatı var, VAR protokolunu isə ümumiyyətlə bilmir. Birinci dəqiqədə Mbappe ofsayddan çıxıb topu geri mərkəzə ötürdü. VAR protokoluna əsasən, köməkçi hakim bayrağı qaldırmalı idi. Amma Ayose Pereslə bağlı oxşar epizodda bunu etmədi, çünki həmin vəziyyət qapı qarşısında baş verdi və qola səbəb ola bilərdi. Fərq var, amma bunu anlamaq üçün qaydaları bilmək lazımdır. Ola bilsin, Mourinyo futboldan çox şey bilir, amma qaydalara gəlincə, mən ona izah etməyə hazıram".
İturralde Mourinyonun hakimlərin təyinatı ilə bağlı fikirlərinə də münasibət bildirib: "Təəccüblüdür ki, hakimin adı oyundan üç həftə əvvəl bilinir, 24 saat əvvəl yox". Onun sözlərinə görə, İspaniyada hakimlər təyinatı oyundan ən tez bir həftə əvvəl öyrənirlər. "Hətta məlumat sızsa belə, bunu maksimum bir həftə yarım əvvəl bilmək olar. Avropada isə bu, daha gec olur", – deyə sabiq hakim vurğulayıb.


