"Real Madrid"in baş məşqçisi Joze Mourinyo sabah "Elçe" ilə keçiriləcək La Liqa oyunu öncəsi mətbuat konfransında hakimliklə bağlı suallara zarafatla yanaşıb.

Offsideplus.az xəbər verir ki, Mourinyo heyətdə rotasiya ehtimalı ilə bağlı suala belə cavab verib: "Oyunçularıma və onların özlərini necə hiss etdiklərinə inanıram. Bu gün bizim üçün vacib gündür. Oyunlar arasında cəmi iki gün vaxtımız var, buna görə futbolçuların vəziyyətini düzgün qiymətləndirmək, tibbi heyətin rəyini dinləmək, məşq məlumatlarını təhlil etmək və qərarı bu axşam və ya sabah vermək lazımdır. Əgər hər şey qaydasında olsa, sabah onları yenidən meydanda görəcəyik".

Portuqaliyalı mütəxəssis daha sonra zarafatla bildirib: "Penalti ilə bağlı heç bir sual yoxdur? Yoxdur? Maraqlıdır, elə deyilmi?"

Xatırladaq ki, La Liqanın 5-ci turunda "Real Madrid" "Rayo Valyekano"nu 4:1 hesabı ilə məğlub edib. 14-cü dəqiqədə Kilian Mbappe penalti zərbəsindən hesabı açıb.

Mourinyo "Betis"lə oyunda hakimlik barədə də danışıb: "Niyə penalti təkrar vurulmadı? Ola bilsin, VAR qaydaları bilmir, bəlkə də bunu istəmədilər. Niyə hakimi monitora çağırmadılar? Maraqlıdır".

Baş məşqçi hakimlər komitəsinin "Real Madrid"in "Betis"lə oyununda penalti qərarını dəstəkləməsinə də münasibət bildirib: "Onlarda həmrəylik ruhu güclüdür, çox nadir hallarda bir-birlərinin qərarlarını tənqid edirlər".

Mourinyo "Real Madrid"in sıx təqvimi barədə də danışıb: "Həftədə altı mətbuat konfransı – mən sizdən, siz məndən yorulmusunuz, amma bu bizim işimizdir. Birini buraxmağa icazə versəniz, qəlyanaltı gətirərəm".