Luka Modriç "Real Madrid"dən ayrıldığı gün yaşadığı hisslər barədə danışıb.

Offsideplus.az xəbər verir ki, hazırda "Milan"da çıxış edən xorvatiyalı yarımmüdafiəçi həmin günü böyük qürur hissi ilə xatırladığını bildirib:

"O gün mənim üçün çox ağır idi. Bunu oyundan əvvəl, avtobusda, matçdan öncə açıqlama verdiyim vaxtlarda, meydanda hiss etmək mümkün idi. Meydanda və çıxışım zamanı özümü yaxşı aparmağa çalışdım. Bu, karyeramın ən gözəl dövrünün başa çatdığını dərk etdiyim üçün çox emosional və həyəcanlı bir an idi. Amma həmin günü böyük qürur və ruh yüksəkliyi ilə xatırlayıram. Həmin görüntülərə indi də baxıram, baxmayaraq ki, artıq bir ildən çox vaxt keçib. Tribunalarda ağlayan insanları, göndərilən mesajları və digər hər şeyi gördükcə, dünyanın ən böyük klubunda nəsə vacib bir iş gördüyümü anlayıb qürur və məmnunluq hissi keçirirəm."

Modriç ailəsinin də bu ayrılığa çətinliklə uyğunlaşdığını qeyd edib:

"Düşünürəm ki, bu, həm mənim, həm də ailəmin üçün çətin idi. Ola bilsin, onlara daha ağır gəldi, çünki bütün həyatlarını Madriddə keçirmişdilər. Xüsusilə də uşaqlara. Oğlum İngiltərədə doğulub, iki yaşı olanda Madriddə köçdük və bütün uşaqlığını orada yaşadı. İndi 16 yaşı var. İndi harasa istirahətə gedəndə və ya başqa yerdə olanda, daim soruşurlar: 'Evə nə vaxt qayıdacağıq?' Onlar üçün ev Madrid deməkdir. Buna görə də, bu ayrılıq onlar üçün də çox çətin oldu. Amma bu, həyatın bir hissəsidir və irəli getmək lazımdır. İndi buradayıq. Çətin olsa da, o xatirələr məni qürur, məmnunluq və xoşbəxtliklə doldurur."

Modriç əlavə edib:

"Mənim üçün ən çətini vida etmək idi, çünki gec-tez hər şeyin bitəcəyini qəbul etməli olursan. Futbol və digər şeylər... Zaman keçdikcə, əvvəllər tam yaşadığın bəzi şeylərdən uzaqlaşırsan. Mənim üçün vida etmək, yeni kluba – "Milan"a gəlib yeni həyata alışmaqdan daha çətin idi. Amma dediyim kimi, bu, həyatın bir hissəsidir. Kluba bütün varlığımı verdiyimi bilə-bilə, başıuca ayrıldım. Elə də getdim."